Zaur Ramazanovla Mahir Şükürov üz-üzə söhbətə çağırılıb

Zaur Ramazanovla Mahir Şükürov üz-üzə söhbətə çağırılıb "O vaxt eşitmişdim ki, bolqarıstanlı Krasimir Balakov Ralf Ranqnikin qırtlağını sıxırdı ki, sən kimsən mənə dərs deyirsən? Aşağı-yuxarı hazırda kimin kimə dərs deməli olduğunu bunların timsalında gördük. Amma əksi də ola bilər"
Futbol
29 Noyabr , 2021 12:18
Zaur Ramazanovla Mahir Şükürov üz-üzə söhbətə çağırılıb
Zaur Ramazanov və Mahir Şükürov

"O fikirləri ilk dəfə sizdən eşidirəm. Sosial şəbəkələrdə elə də çox aktiv deyiləm. Feysbukda sadəcə qeydiyyatdan keçmişəm. Deyən şəxsin kim olmasından asılı olmayaraq, bu işə başlayanda məni belə halların gözləyəcəyini bilirdim".

Bunu "Report"a açıqlamasında AFFA-nın məşqçi kurslarının təlimatçısı Osman Rəhimov deyib.

Azərbaycan millisinin sabiq üzvləri Mahir Şükürov və Zaur Ramazanovun səsləndirdiyi ittihamlara münasibət bildirən mütəxəssis futbolun emosional sfera olduğunu vurğulayıb: "Burada rasionallıqdan çox emosionallıq ön planda olur. Hətta bir azarkeş də fikirləşə bilər ki, kimsə yüksək səviyyədə oynamayıbsa, nə isə deməli deyil. Bu sahədə olmaq üçün yüksək səviyyədə oynamaq lazımdırmı? Bunun müzakirəsini aparmaq istəmirəm. Kiminsə mediaya dediyi sözlərə və müsahibəyə cavab vermək fikrim də yoxdur. Kimləsə hansısa söhbətim varsa, onu media vasitəsilə yox, birbaşa və üzbəüz danışmağın tərəfdarıyam. Bəlkə də danışandan sonra mediada işıqlandırmaq olar. Birbaşa söhbət etmədən media vasitəsi ilə aşıqlar kimi deyişməyin tərəfdarı deyiləm. Bu, ən azından mənim yolum deyil".

Osman Rəhimov
Osman Rəhimov

Rəhimov məşqçilik sahəsinə gəlişindən də danışıb: "Xəbərim olmadan UEFA-da təlimatçı kimi imtahan vermişəm. Avropa futbol qurumunun maariflənməyə cavabdeh olan icra paneli var. Bu icra panelinin aparıcı üzvləri mənə müsbət rəy vermişdilər. Bunlardan biri Dani Riçerdir. Həmin şəxs hazırda UEFA-da Azərbaycan Pro lisenziyası üçün kuratordur. Digəri isə dünyanın ən yaxşı fitness məşqçilərindən sayılan Frits Şmidtdir. Onların yanında imtahan verəndən sonra təyin olundum. Çünki yerli mütəxəssis lazım idi. Aslan Kərimov həmin vaxt "Sumqayıt"da oynamağa davam edirdi. Sonra zədə ucbatından alınmadı. Təlimatçı kimi burada olmağım göydəndüşmə olmayıb. Təlimatçının kiməsə dərs deməsi üçün onun ilk olaraq metodiki savadı olmalıdır. Ömrümün ən yaxşı və cavan vaxtlarında 5 il metodika oxumuşam. Bunun da böyük qismi Almaniyada olub. Kiməsə nəyi bacarıb-bacarmadığımı sübut etmək də niyyətim yoxdur. Yaxşı olardı ki, fikir bildirənlər məni tanıdıqdan sonra elə açıqlama verərdilər. Bunu da əlavə etmək istəyirəm: Mən 2013-cü ildə Berti Foqtsla işləməmişəm. 2008-ci ilin yayında təxminən 2 ay onunla çalışmışam. Ondan sonra yollarımızı ayırdıq və hərəmiz başqa sferalarda işləyəsi olduq. O, milli komandada işini davam etdirdi, mən isə aşağı yaş qruplarında çalışdım. Bütün bu dediklərim kiməsə cavab xarakteri daşımır".

Mütəxəssis Ramazanov və Şükürovun fikirləri ilə razılaşmadığını dilə gətirib: "Zaur Ramazanovla bizdə kursda oxuduğu vaxt münasibətim olub. Mahir Şükürovla isə 2008-ci ildən sonra nə vaxt üz-üzə gəldiyimi xatırlamıram. Bu, onun öz fikridir. Məşqləri mən yox, Aslan Kərimov aparır. Heç kimə deyə bilmərəm ki, mənim olduğum kursda otursun və ya oturmasın. Şükürov bir gün məşqçi kursunda iştirak edib. Sonra necə oldusa, davam etmədi. Həmin vaxt mən övladımın səhhəti ilə əlaqədar işdə olmamışam. Hər kəsin şəxsi fikri var. Demokratik cəmiyyətdə öz fikirlərini söyləmək hamının haqqıdır. Kənardan bəlkə də belə görünür ki, kimsə yüksək səviyyədə oynamayıbsa, deməli, dərs keçməli deyil. Buna Joze Mourinyonu misal göstərmək olar. Onun güclü futbolçu karyerası olubmu? O vaxt eşitmişdim ki, bolqarıstanlı Krasimir Balakov Ralf Ranqnikin qırtlağını sıxırdı ki, sən kimsən mənə dərs deyirsən? Aşağı-yuxarı hazırda kimin kimə dərs deməli olduğunu bunların timsalında gördük. Amma əksi də ola bilər".

Son xəbərlər

Orphus sistemi