Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Bakıda keçirilən mükafatlandırma mərasimində qurumun təşkilatçılığı altında baş tutan yarışlarda qalib gələn avtomobillər nümayiş olunub.
“Report” xəbər verir ki, Bakı Konqres Mərkəzində 2023-cü ildə “Formula 1”, Dünya Ralli Çempionatı (World Rally Championship), Dünya Ralli-Raid Çempionatı (World Rally-Raid Championship (W2RC), FIA Dünya Dözümlülük Çempionatı (FIA World Endurance Championship), “Formula E” və Dünya Rallikross Çempionatında (World Rallycross Championship) çempion olan pilotların idarə etdikləri avtomobillərin sərgisi nümayiş etdirilib.
Mükafatlandırma mərasiminə avtomobil yürüşünün sədaları ilə start verilib. Əvvəlki tədbirlərdən fərqli olaraq, Bakı təqdimatında FİA himni müasir, rəqəmsal səsləndirmə ilə diqqət çəkib. Bakı şousu Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin solistlərinin ifası ilə davam edib. Milli geyimlərdə səhnəyə çıxan ifaçılar Azərbaycan xalqının mədəniyyətinin bir hissəsi olan musiqini təqdim ediblər. Şounun tamaşaçılar üçün gözlənilməz anlarından biri nağaraçıların bütün zalı əhatə edərək, qonaqların yanından qədim dövrlərə aparan ritmlərlə keçmələri olub.
Mərasimdə xalq artistləri Alim Qasımov, Əlixan Səmədov, Natiq Şirinov və qrupu, əməkdar artistlər Aleksey Miltıx, Emil Əfrasiyab, Fərqanə Qasımova, İsfar Sarabaski, həmçinin, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestri, “Mirvari” rəqs ansamblı çıxış ediblər.
Ardından səhnəyə çıxan FİA prezidenti Mohammed Ben Sulayem yarışlarda qələbə qazananları təbrik edib. Daha sonra Mohammed Ben Sulayem, Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov və digər rəsmi şəxslər 2023-cü ilin müxtəlif nominasiyalarda qaliblərinə mükafatlar təqdim ediblər.
“Formula 1”in prezidenti Stefano Dominikali mövsümü ikinci pillədə başa vuran və “Bakını sevirəm” sözləri ilə səhnəyə çıxan Serxio Peresi mükafatlandırıb. Təltif edilənlər sırasında “Oracle Red Bull Racing”in qalibi Kristian Horner, “Formula 1”də üçüncü dəfə dünya çempionluğunu qazanan Maks Ferstappen də olublar.