Yaşar Bəşirov: "Bizdə İslamiadanın bütün medallarından var"

Yaşar Bəşirov: "Bizdə İslamiadanın bütün medallarından var" "Doğma Türkiyədə təşkil olunan sayca 5-ci İslamiada bizim üçün çox uğurlu alındı. Təbii ki, ən uğurlu çıxışımız Bakıda olub".
Fərdi
19 Avqust , 2022 18:40
Yaşar Bəşirov: Bizdə İslamiadanın bütün medallarından var

"Doğma Türkiyədə təşkil olunan sayca V İslamiada bizim üçün çox uğurlu alındı. Təbii ki, ən uğurlu çıxışımız Bakıda olub".

"Report"un məlumatına görə, bunu Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Karateçilərin Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarındakı nəticələrini şərh edən funksioner 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazandıqlarını xatırladıb: "Medalların əyarı piramida şəklində alındı. Bizdə bütün medallardan var. Sevinirəm ki, karateçilərimiz bütün yarışlarda uğurla çıxış edir. 56 dövlət arasında ən çox idmançı bizdə idi. Nəticə çox yüksəkdir. 3 final o deməkdir ki, qızıl medal görüşlərinin yarısında bizim idmançılarımız iştirak etdi. 6 medal da hər şeyi deyir".

Bəşirov yarışda hakim haqsızlığı ilə üzləşdiklərini söyləyib: "Asiman Qurbanlı (+84 kq) final görüşündə rəqibini məğlub etsə də, hakimlər haqsızlıq edərək, qələbəni digər idmançıya verdilər. İrina Zaretskaya (68 kq) həmişəki kimi qalib oldu. Tural Ağalarzadə (67 kq) də haqsızlıqla üzləşdi, yarımfinalda xallarını vermədilər. Amma inanıram ki, bizim hələ deyiləsi sözümüz var".

O, 2-4 sentyabrda Bakıda keçiriləcək Karate1 Premyer Liqa turnirinə də toxunub: "Bu turnir ilk dəfə Azərbaycanda təşkil olunacaq. Hamını ora dəvət edirəm. İnanıram ki, 17 idmançımızın hamısı turnirdə ölkəni layiqincə təmsil edəcək".

Son xəbərlər

Orphus sistemi