Moskva. 1 avqust. REPORT.AZ/ Rusiya Dövlət Dumasının deputatı, Olimpiya çempionu Svetlana Jurovanın "Report" agentliyinə müsahibəsi:
- Svetlana Sergeyevna, Rusiya Olimpiya yığmasının diqqət mərkəzində olduğu dopinq qalmaqalı başa çatdı. Yaşananlar sizdə necə təəssürat oyatdı? Və bu amil rusiyalı idmançıların çıxışına necə təsir göstərə bilər?
- Yaşananlarla bağlı təəssürat, əlbəttə ki, xoşagəlməzdir. Statistikaya baxanda Rusiya idmançılarından dopinq-testlərin həddindən çox götürüldüyünü anlayırsan. Diskvalifikasiya olunanlara faiz nisbəti ilə baxsaq, siyahının ortasında olarıq. Başqa sözlə, ən böyük qanun pozucusu biz deyilik. Bəyan edilmiş hesabatda deyilir ki, Soçidə rusiyalı idmançıların nümunələri dəyişdirilib. Bu ki, dəhşətli məlumatdır. Elədirsə, Olimpiadanın keçirildiyi istənilən ölkənin dopinq nəzarəti xidməti hökumətə görə və ya pul qarşılığında nümunələri dəyişə bilər. Sanki hansısa detektiv hekayədir. Bütün bunlar doğrudursa, onda nümunələri əks istiqamətdə də dəyişmək - dopinqdən istifadə etməyən idmançıların nəticəsini müsbət çıxarmaq olar. Yeri gəlmişkən, dopinqdən istifadə etməyən xeyli uşaq Olimpiadadan kənar qaldı.
Olimpiya xartiyasının pozulduğu göz önündədir. Məncə, WADA (Ümumdünya Antidopinq Agentliyi) səlahiyyətlərindən bir qədər sui-istifadə etdi. Əgər onlar belə dözümsüzlük nümayiş etdirirlərsə, bunu başqa ölkələrə münasibətdə də tətbiq etməlidirlər. Yox əgər başqalarına dərs olsun deyə, seçim əsasında Rusiyanı cəzalandırdılarsa, bundan sonra WADA-ya qarşı tələblər yüksək olacaq. Məncə, baş verənlər Rusiya idmançılarını daha da birləşdirib, möhkəm edib. Onlar Rusiya idmanının gücünü sübut etmək yaxşı nəticələr əldə edəcəklər. Komandadakı birlik ölkə prezidenti Vladimir Putin ilə keçirilmiş görüşdə də gözə dəyirdi.
- Sizin Olimpiadalarda çıxış etdiyiniz zamanlar belə qalmaqallar olub?
- Antidopinq Komitəsi tərəfindən bu cür sərt nəzarətin olduğunu heç yadıma sala bilmirəm. Elə təəssürat yaranlır ki, onlar özlərini reklam eləmək qərarına gəlib, PR kampaniyası aparıb. Məsələn, onlar Bakıda keçirilmiş I Avropa Oyunları zamanı bir neçə idmançının qanında meldonium olduğunu açıqlayıb. Amma sonra da bildiriblər ki, bu preparat 2 il əvvəl vitamin sayılırdısa, indi dopinqdir və buna görə də idmançıların heç bir günahı yoxdur. Axı nəyə görə bütün ömrünü idmana həsr etmiş insanların karyerasına kölgə salırlar?!
Hər halda, Rusiya bütün bu hadisələrdən müvafiq nəticələr çıxarıb. Müvafiq komissiya yaradılıb. Bu baxımdan indi cinayət məsuliyyətinə cəlb etməyə qədər çox sərt qanunlar qəbul olunur. Olimpiya Oyunlarından sonra beynəlxalq federasiyalarla işləmək lazım gələcək.
- Sizcə, federasiyalar Olimpidaya buraxılmaları üçün fərdi qaydada müraciət edən idmançılara necə baxır? Onlar arasında Yelena İsinbayeva da var...
- BOK indiyə qədər belə bir vəziyyətlə üzləşməmişdi. Buna görə də olduqca güzəştli qərarlar qəbul etməyə çalışdılar ki, heç kim onları qərəzlilikdə ittiham etməsin. İsinbayevanın durumu isə tamamilə fərqlidir. Bütün dünya Olimpiya komandasının Kremldə yola salınması zamanı onun göz yaşlarını gördü.
Mən bir insan, bir idmançı kimi Lenanı çox gözəl başa düşürəm. Özü də o ölkə xaricində məşq etmiş, yalnız körpəsi dünyaya gələndən sonra Rusiyaya qayıtmışdı. Belə vəziyyətdə o, Olimpiadaya evdə hazırlaşmağı münasib bilmişdi. Və bu da sizə yekun: evdə hazırlaşmasının dolayı təsiri.
Bu məsələdə artıq təkcə rusiyalı azarkeşlər yox, bütün idmansevərlər işə qarışmalıdır. Çünki Olimpiada İsinbayevasız həqiqətən çox şey itirir. Axı o, dəfələrlə dünya rekordçusu olan, çıxış etdiyi idman növündə həddi müəyyənləşdirən idmançıdır. Onun yoxluğu uzun illər hündürlüyə tullanma üzrə yarışlara marağı azalda bilər. Ürəyinin dərinliyində Lena özü üçün son Olimpiadada çıxış edəcəyinə hələ də ümid edir.
- Necə düşünürsüz, belə qalmaqaldan sonra dopinq nümunələri ilə bağlı hər hansı yeni qərar qəbul olunacaq?
- Olimpiadadan sonra bütün dünyanın dopinqlə bağlı bəzi yeni reallıqlarla yaşamalı olacağı tam mümkündür. Yeni qaydalar və yeni addımlar olacaq. Çünki Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına 2 il qalmış elə qaydalar tətbiq etmək olar ki, turnir, ümumiyyətlə, baş tutmasın. Bax, o zaman əminliklə ikili standartlar haqqında danışmaq mümkün olacaq.
Güman ki, WADA da iş üslubunu dəyişməkdə maraqlı olacaq. Çünki yaranmış qalmaqalda ilk növbədə elə onların özləri maraqlı deyil. Axı, burada idmançılardan başqa, siyasətçilər və jurnalistlər də iştirak edib. Agentlik elə etməlidir ki, heç kim bu məsələdə söz-söhbət yarada bilməsin, atılan addımların sırf Rusiyanın əleyhinə olması barədə fikrə düşməsin.
- Yəqin Azərbaycanın ağır atletika komandasının bütünlüklə Rio Olimpiadasından kənarlaşdırıldığını bilirsiniz. Bəlkə ölkələrimiz bu istiqamətdə səylərini birləşdirsin?
- Əlbəttə, dost ölkələrin idman federasiyaları və olimpiya komitələri bu istiqamətdə birgə işləməlidir. Nə qədər çox etiraz səsi ucaldılsa, Antidopinq Komitəsi bir o qədər tez müddətdə idmançıların mənafelərinə toxunmayan yeni qaydalar hazırlayıb tətbiq edəcək. Axı, WADA bir növ özü-özünü çətin vəziyyətə salıb: onların bəyanatlarında bildirilir ki, nəyisə yoxlamayıblar, sonra da Rusiya və digər ölkələrin idman siyasətini idmançılara nəzarət etməməkdə ittiham edirlər. Axı, biz texnoloji tərəqqi dövründə yaşayırıq. Sadəcə, hər şeyi - həm nümunənin götürülməsini, həm onun saxlanılmasını kameraya çəkmək lazımdır. O zaman operativ şəkildə nümunələrlə nə baş verdiyini izləmək olar. Biz bütün bunları həm WADA, həm də BOK ilə müzakirə edəcəyik, öz təkliflərimizi verəcəyik.
- Konkret hansı təkliflər edilə bilər?
- Belə danışaq, hamımız qadağan olunmuş preparatların siyahısını bilirik. Bəs, kimsə nə vaxtsa istifadəsinə icazə verilən preparatların siyahısını dərc edib?! Bundan başqa, belə bir təklifimiz var ki, Antidopinq Komitəsinin ümumi siyahısından əlavə, ölkələr üzrə siyahı hazırlansın. Yəni ölkələr özlərinin icazə verilən preparatlardan ibarət siyahısını hazırlayır və onu WADA ilə razılaşdırır. Bundan başqa, əczaçılıq şirkətləri hansısa super-preparat hazırlayan zaman onları bunu WADA ilə razılaşdırmağa məcbur etmək lazımdır. O zaman idmançı həmin preparatdan istifadə edib-etməyəcəyini dəqiq biləcək. Üstəlik, əgər ədalətli mübarizə, ədalətli yarışma haqqında danışırıqsa, bu cür preparatlar, əlbəttə ki, hamı üçün əlyetən olmaldır.