“Dəstəyinizə görə təşəkkür edirəm. Son oyunda “GH” gedişi yerinə “H6” olsaydı, qalib gəlirdim. Həmçinin ilk görüşdə də uda bilərdim. Əsas odur ki, gözəl şanslarım vardı, amma istifadə edə bilmədim”.
“Report”un məlumatına görə, Şəhriyar Məmmədyarov Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun 1/8 finalında Teymur Rəcəbova məğlubiyyətini bu cür şərh edib.
34 yaşlı qrossmeyster T.Rəcəbova növbəti mərhələdə uğurlar arzulayıb: “Taleyimdən, qismətimdən şikayətçi deyiləm. Çünki mənə şans verildi. Teymura növbəti mərhələdə uğurlar arzulayıram. İnanıram ki, uğurlu çıxışı davam edər. Özümə isə gələcəkdəki yarışlarda daha diqqətli olmağı arzu edirəm. Sevinirəm ki, sevimli ailəmin, oğlumun yanında olacağam. Çempion olmaq qismətimizdə var. Bu gün olmasın, sabah olsun! Hamıya təşəkkür edirəm, yaxşı ki, varsınız. İnşallah, gözəl geridönüş olacaq”.
Ş.Məmmədyarov öz çıxışını futbol üzrə Hollandiya millisinin oyununa bənzədib: “Mən futbolda Hollandiya milli komandası kimiyəm. Gözəl oynayıb məğlub oldum. Hər şey yaxşıdır. Sadəcə, çox gözəl oynamışdım. Heyif əziyyətə. Qapıda Buffon dayanmışdı”.
Qeyd edək ki, Ş.Məmmədyarovu tay-breykdə məğlub edən T.Rəcəbov 1/4 finalda ABŞ şahmatçısı Ceffri Şonqa qarşı ilk görüşünü bu gün keçirəcək. Oyun Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar. Turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda, belə bir hüquqa yiyələnə bilər.
Sentyabrın 10-da start götürən dünya kuboku turnirinə oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min, finalçı isə 80 min dollar qazanacaq.