Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı dünya və beynəlxalq şahmat ictimaiyyətinə müraciət edib.
"Report" xəbər verir ki, erməni işğalı altında olan Zəngilan şəhərindən olduğunu xatırladan qrossmeyster 7 il həmin bölgədə yaşadığını və şahmatla məşğul olmağa orada başladığını bildirib.
Məmmədyarov əmilərinin vaxtı ilə Zəngilanda şahmat dərsi keçdiklərini, babasının isə qədim kəndlərdə məscidlər tikdirdiyini vurğulayıb: "7 yaşım var idi və Ermənistan silahlı qüvvələri tərəfindən evlərimizdən qovulduğumuz həmin dövrü yaxşı xatırlayıram. O vaxtdan doğma kəndimi yalnız fotolarda görmüşəm. Kəndimiz, uşaqlıq xatirələrim üçün darıxır, oraya getmək, vətənimin havasını udmaq istəyirəm. Demək olar ki, 1 milyona yaxın məcburi köçkün öz torpaqlarını itirib, mən və ailəm kimi eyni hissləri yaşayırlar. Biz evlərimizi, məscidlərimizi, əcdadlarımızın məzarlarını, tarixi abidələri, muzeyləri, mədəniyyəti və uşaqlıq xatirələrini itirdik".
Şahmatçı Azərbaycanın təcavüzkar ölkə olmadığını deyib: "Buna sübut kimi 30 ildir beynəlxalq səviyyədə tanınmış ərazilərimizin sülh yolu ilə azad olunmasını gözləyirik. Təəssüf ki, Ermənistan hökuməti qəsdən müharibə yolunu seçdi, təbliğat və təxribat yolu ilə münaqişəni alovlandırmağa çalışır".
Məmmədyarov bildirib ki, münaqişə barədə ətraflı və obyektiv rəsmi məlumat almaq istəyənlər aşağıdakıları oxusun:
1. Dağlıq Qarabağ mübahisəli ərazi deyil. Bu ərazi Azərbaycanındır. Həm tarixi, həm də rəsmi səviyyədə bütün dünya, o cümlədən Ermənistan tərəfindən tanınıb;
2. Ermənistan, Yerevanın da açıqladığı kimi, təkcə Dağlıq Qarayabağı deyil, onun ətrafındakı 7 rayonu da işğal edib və bütün bu illərdə sülh yolu ilə imtina etmək niyyətində olmayıb;
3. Müharibə Ermənistan ərazisində getmir. Azərbaycan Ordusu Ermənistan ərazisini və ya onun hansısa hissəsini işğal etməyə cəhd göstərmir. Azərbaycan ərazilərinin 30 il əvvəl işğalı ilə başlayan və nəticədə 20 faiz ərazinin işğalı ilə nəticələnən müharibə Azərbaycan ərazilərinin qaytarılmasına yönəlmiş azadlıq savaşıdır;
4. Azərbaycan öz ərazilərini 30 il əvvəl də, son 30 ildə də azad edə bilərdi. Ölkəmiz Orduda kəmiyyətcə, texnika ilə döyüş vasitələrində kəmiyyət və keyfiyyətcə üstündür. Bunun nəyə görə edilmədiyini soruşsanız, cavab belə olacaq: 1994-cü ilin mayında imzalanmış atəşkəs nəticəsində tərəflər münaqişəni sülh yolu ilə və ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə həll etmək öhdəliyini götürmüşdülər. Təəssüf ki, rəsmi Yerevan bütün bu illərdə heç olmasa, 1 sm2 yerin sülh yolu ilə azad olunması yönündə siyasi iradə nümayiş etdirmədi;
5. Azərbaycan münaqişənin dinc yolu ilə həllinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Lakin Nikol Paşinyanla aparılan danışıqlar prosesi tam dondurulub. Onun açıqlamaları münaqişənin sülh yolu ilə həllinə ziddir. Cəbhə xəttində yaşayan dinc əhalinin atəşə tutulması isə yalnız münaqişəni qismən dondurulmuş haldan donu açılmış vəziyyətə gətirib. Rəsmi Bakının səbr kasasını daşıran son damla isə sentyabrın 27-də cəbhəyanı zonada Azərbaycanın dinc əhalisinin atəşə tutulması olub.