Azərbaycan Qış İdmanı Növləri Federasiyanın baş katibi Günel Bədəlovanın "Report"a müsahibəsi
- Azərbaycanda qış idmanı növlərinin hazırkı durumu necədir?
- Artıq yeni mövsümə start verilib və yarışlar başlayıb. Beynəlxalq Konkisürmə İttifaqı tərəfindən turnirlər də təşkil olunur. Vladimir Litvintsev Texasda keçirilən "Skate America"da mübarizə aparır. Bu gün start götürən yarış oktyabrın 22-də başa çatacaq. Ona uğurlar arzulayırıq. Bundan əlavə, xizək alpinizmi üzrə turnirlərə hazırlaşırıq. Bu növə idmançıların cəlb edilməsi istiqamətində seçimlər olub. Fərqlənənlər intensiv məşqlərə start veriblər. İlk olaraq qış mövsümünə hazırlaşmaq üçün fiziki məşqlərə qatılıblar. İndi isə “Şahdağ" Turizm Mərkəzində xizəklə məşq edirlər. Yanvardan ölkəni Avropa çempionatı və Dünya Kuboku kimi turnirlədə təmsil edəcəklər. Bu yaxınlarda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası gerçəkləşib. 2024-cü ilin martında ölkəmizdə yarışın keçirilməsi üçün müraciət etmişik və müsbət cavab aldıq.
- 2023-cü ildə qış idmanı növlərinin inkişafı üçün hansı addımlar atılıb?
- Bu ildə ilk dəfə olaraq xizək alpinizmi üzrə yarışlara qatılmışıq. Nəticədə ölkəmiz reytinqdə yer aldı. Əvvəl 26-cı sırada idik. İndi isə iyirminciyik. Növbəti illərdə daha ön pillələrdə olacağımızı düşünürəm. Vladimir Litvintsev dünya çempionatında 11-ci yeri tutmuşdu. Daha əvvəl bizdə buz meydançası yox idi. Artıq o da var. Bu nəticə belə meydançası olmayan ölkə üçün böyük nailiyyət idi. O, növbəti yarışlarda daha yüksək uğurlar əldə edəcək. Bu il həmçinin Beynəlxalq Xizək Alpinizmi Federasiyasına, Beynəlxalq Konkisürmə İttifaqına və Beynəlxalq Dağ Xizəyi Federasiyasına üzvlüyümüz qəbul edilib.
- Buz sizin üçün hansı üstünlüklər yaradıb?
- Hər idman növünün inkişafı üçün ilk növbədə infrastruktur tələb olunur. Bu səbəbdən federasiya prezidentinin əsas tələblərindən biri infrastrukturu olan növlərin daha da inkişaf etdirilməsi və yeni növlərin yaradılması ilə bağlı işlərin görülməsi idi. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə buz meydançası inşa olundu. Fiqurlu konkisürmənin inkişafı artıq mümkün olacaq, maraq da var. Bir neçə uşaq müraciət edib və hər gün buz meydançasına təlimlərə gəlirlər. Məşqçi Vitali Novikovu da bu işə cəlb etmişik. Həm bizim mütəxəssislərlə birgə yarışlara gedir, həm də idmançıların yetişdirilməsi yönündə işlər aparır. Buz meydançasının olması idman növünün inkişafına və yeni idmançıların yetişməsinə təkan verəcək. İnfrastruktur olmadan idman növünün inkişafı mümkünsüzdür. Bu idman növü gələcəkdə daha da inkişaf edəcək və yeni növlərin yaranmasına töhfə verəcək.
- Yerli əhalinin necə, marağı var?
- Çox böyük maraq var. Bu barədə daha ətraflı arena rəhbərliyi məlumat verə bilər. Amma hər gün yüzlərlə insan bundan istifadə edir. Yay aylarında federasiya tərəfindən uşaqlara ustad dərsləri də keçirilib. Bunların hər ay təşkili planlaşdırılır.
- Fiqurlu konkisürmə üzrə Azərbaycan millisinə rəqabət baxımından yeni idmançıların cəlb edilməsi gözlənilir?
- Hələlik planda yoxdur. İndi mövcud legionerlərimizlə davam etmək istəyirik. Bu məsələyə sonradan baxıla bilər. İlin sonuna qədər nəzərdə tutulmayıb. Növbəti il ilə bağlı hələlik müzakirələr aparılmayıb.
- Artıq buz meydançasının da olduğunu nəzərə alsaq, Azərbaycanda hokkey komandasının yaradılması barədə işlər görülürmü?
- Bizim hokkey üzrə məşqçimiz də var. Buna da maraq var. Hokkey komanda idman növüdür. Bunun inkişafı üçün zaman tələb olunur. Hələlik bu istiqamətdəki suala cavab verməkdə çətinlik çəkirəm. Amma yaxın gələcəkdə hokkeylə bağlı planlarımız var və işlərimiz olacaq.