Portuqaliyada karantinə alınmış Azərbaycan cüdoçuları Bakıya qayıdıb

Fərdi
  • 09 fevral, 2022
  • 12:09
Portuqaliyada karantinə alınmış Azərbaycan cüdoçuları Bakıya qayıdıb

Portuqaliyadakı Qran-pridən öncə karantinə alınmış Azərbaycan millisinin cüdoçuları ölkəyə qayıdıb.

Azərbaycan Cüdo Federasiyasından (ACF) "Report"a verilən məlumata görə, COVID-19 testləri müsbət çıxmış heyət üzvlərindən 5-i fevralın 3-də, 3-ü isə bu gün müalicələrini və təcrid müddətlərini başa vuraraq Bakıya gəliblər.

ACF bildirir ki, pandemiya şəraitində idmançıların və heyət üzvlərinin sağlamlığını öndə tutaraq bütün lazımi tədbirləri görülür və onları yarışlara Azərbaycan Respublikası, Beynəlxalq Cüdo Federasiyası və təşkilatçı ölkələrin qoyduğu qaydalara tam əməl etməklə göndərilir.

Qeyd edək ki, Almada şəhərində keçirilmiş turnirdə Azərbaycanın 12 cüdoçusunun iştirakı nəzərdə tutulsa da, onlardan cəmi 5-i mübarizə aparıb. Digər 7 idmançı - Yaşar Nəcəfov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (hər ikisi 73 kq), Zelim Tskayev (81 kq), Rüfət İsmayılov (90 kq), Aydan Vəliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Səbinə Əliyeva (52 kq) müxtəlif səbəblərdən yarışda iştirak edə bilməyiblər.

Nəcəfov, Poladov və İsmayılovun Bakıda verdikləri test nəticələri neqativ olsa da, onlar texniki səbəbdən Portuqaliyaya aparılmayıb. Mirzəyev, Tskayev, Vəliyeva, Həmidova və Əliyeva isə Portuqaliyada götürülmüş analiz nəticələri pozitiv çıxdığı üçün yarışa buraxılmayıb. Bu idmançıların Bakıda verdikləri test nəticələri mənfi olub.

Bundan başqa, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və kişilərdən ibarət millinin böyük məşqçisi Elçin İsmayılovda da PCR testin nəticəsi müsbət çıxıb.

Cüdo yığması Portuqaliya Qran-prisini bir medalla bitirib. 60 kq-da çıxış edən Balabəy Ağayev ikinci yeri tutub.