Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasovun "Report"a müsahibəsi
- Bu yaxınlarda Rusiyanın paytaxtı Moskvadakı "AMC Fight Nights"da yerli idmançı Marif Pirayevə vaxtından əvvəl qalib gələrək, çempionluq kəmərini növbəti dəfə qorudunuz. Əvvəlcə həmin döyüşlə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı...
- Düzdür, döyüş planlaşdırdığımız kimi keçmədi. Ondan da yaxşı alındı. Sevindirici haldır ki, çempionluq kəmərini müdafiə etdim.
- Görüşün 2-ci raunddan sonra başa çatacağını gözləyirdiniz?
- Əslində 5 raund döyüşəcəyimi gözləyirdim. Digər tərəfdən, bilirdim ki, rəqib bu qədər dözə bilməyəcək və mənimlə bacarmayacaq. Özünüz də gördünüz ki, Pirayev 2-ci raundun sonlarında müdafiə olunmaqda çətinlik çəkirdi. Adətən belə olan halda döyüşü dayandırırlar. Amma görüşü 3-cü raunda saxladılar.
- Halbuki rəqib döyüşdən öncə iddialı danışırdı...
- Əslində rinqə çıxmazdan əvvəl hamı iddialı danışır. Döyüşdən sonra isə kimin güclü olduğu bilinir.
- Mütləq Döyüş Çempionatında (UFC) iştirakınızla bağlı məsələ nə yerdədir?
- Gözləyirəm. Ora qaçmağa can atmıram. Qismət olar, vuruşaram. Təkliflər çoxdur, onlara baxacağıq. Ümid edirəm ki, yaxşı olacaq.
- Bəlkə həmin təklifləri elə indi açıqlayasınız...
- Hər şey dəqiqləşdikdən sonra tam ətraflı paylaşacağam. Təqribən 1-2 ay ərzində bütün suallara aydınlıq gələcək.
- Sizə UFC ilə bağlı Həbib Nurməhəmmədov söz vermişdi. Ondan sonra özü ilə danışmısınız?
- Çox gözlətdilər. Biz də bunu istəmirik. Deyirlər ki, yerlər doludur.
- Karyeranızla bağlı nə fikirdəsiniz?
- Cəmi 28 yaşım var. Mənim üçün hələ çox şey qabaqdadır.