Neftçalada avarçəkənlərin təlim-məşq toplanışı başlayıb
- 09 sentyabr, 2022
- 08:36
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) Neftçala rayonunda avarçəkənlərin təlim-məşq toplanışını təşkil edib.
"Report"un xəbərinə görə, toplanışdan öncə Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək, iştirakçıları salamlayıb.
O bildirib ki, Mingəçevirdən sonra Neftçalada bu cür hazırlıq prosesinin keçirilməsi rayonun önəmini əks etdirir: "Neftçalada hələ sovet vaxtında avarçəkmə üzrə yarışlar keçirilib. Burada bu idman növünün təşkili üçün münbit şərait var. Ənənənin qorunub saxlanması müsbət amildir".
Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov qeyd edib ki, Mingəçevir şəhərində doğulduğundan, vaxtilə bu idman növü ilə məşğul olub və birgə avar çəkdiyi şəxs indi federasiyada məşqçi işləyir.
AKAF-in baş katibi Fərhad Əliyev isə toplanışı keçirməkdə məqsədlərinin rayonlarda bu idman növünün kütləviliyini artırmaqdan ibarət olduğunu bildirib.
Daha sonra toplanışa Axmaz göl su hövzəsində start verilib. Təlim məşq-prosesində avarçəkmə üzrə milli komandanın Bakıdan və Mingəçevirdən olan üzvləri iştirak edib.
Qeyd edək ki, AKAF yaxın gələcəkdə ölkə ərazisində avarçəkmə üçün əlverişli olan bir neçə su hövzəsində bu tipli tədbirlər keçirməyi planlaşdırır.