Naxçıvan şəhərinin Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında “Gimnastika hamı üçün” növü üzrə növbəti açıq məşğələlər təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, “İdman hamı üçün” layihəsi çərçivəsində təşkil olunan idman tədbirini gimnastların valideynləri və şəhər sakinləri də izləyiblər.
Məşğələyə qatılan uşaqlara bədii gimnastika və “Gimnastika hamı üçün” üzrə muxtar respublika yığma komandasının baş məşqçisi, İdman ustası Humay Qafarova tərəfindən ustad dərsi keçirilib, məşq prosesi icra olunub.
Bu tip tədbirlərin əsas hədəfi əhalini sağlam həyat tərzinə təşviq etmək, asudə vaxtlarının maraqlı və əyləncəli keçməsinə zəmin yaratmaqdır. İnsanlar üçün əyləncə, sağlam həyat tərzi və dostluq fəlsəfəsinin təcəssümü olan “Gimnastika hamı üçün” ilə yaşından, görünüşündən və fiziki qabiliyyətindən asılı olmayaraq hər bir şəxs məşğul ola bilər.
Qeyd edək ki, hər kəsin qoşula biləcəyi bu məşğələlər hava şəraitindən asılı olaraq hər həftənin şənbə günü (saat 19:00-da) növbəli qrafiklə Sahil Parkı və Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında davam etdirilir.