Naxçıvanın zəka sahibləri Türkiyənin Bitlis şəhərində keçirilən şahmat festivalında uğurlu çıxış ediblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən məlumata görə, "I Betav Open"də 10 ölkədən 400 idmançı mübarizə aparıb.
Yasin Əzimov (10 yaş) və Lətif Muradlı (12 yaş) yarışın qalibi olublar. Uğur Qəribli (8 yaş) və Xanım Rzayeva (10 yaş) 3-cü pillədə qərarlaşıblar.
Təmsilçilərimiz yüksək reytinqli şahmatçıların mübarizə apardığı A qrupunda da uğur qazanıblar. Beynəlxalq qrossmeyster Urfan Sevdımalıyev və beynəlxalq usta Pərviz Qasımov 3-8-ci yerləri bölüşüblər. FIDE ustası Nəsrin Babayeva qadınlar arasında 3-cü pillədə qərarlaşıb. Şərur şahmatçısı Xatun Nəcəfova isə B qrupunda fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Şahmatçılarımıza təşkilatçılar tərəfindən kubok, medal və pul mükafatı verilib.
Qeyd edək ki, digər təmsilçimiz Mirsaleh Seyidli əmsalını 77 vahid artıraraq ustalığa namizəd normativini yerinə yetirib.