Yuxarı

​Namiq Əliyev: "Xetaq Qazyumov Avropa Oyunlarında güləşəcək"

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Dünya Kubokuna yollanacaq yığma üzvləri ilə görüşüb

Bakı. 2 aprel. REPORT.AZ/ "Dünya Kuboku üçün optimal heyət seçmişik. Bu yarış bizim üçün önəmlidir". "Report"un məlumatına görə, bunu Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev ABŞ-ın Los-Anceles şəhərindəki Dünya Kubokuna yollanacaq sərbəst güləş yığması ilə görüşündən sonra keçirdiyi brifinqdə deyib. 

O bildirib ki, aprelin 11-də start götürəcək yarış üçün optimal heyət seçilib: "Çalışırıq ki, həm yunan-Roma, həm qadın güləşi, həm də sərbəst güləş yarışlarında optimal heyət çıxış etsin. Bu baxımdan seçdiyimiz güləşçilərin kifayət qədər təcrübəlilərdən ibarət olduğunu düşünürəm. İnanıram ki, yarışlar zamanı onlar öz sözlərini deyəcəklər". 

Dünya Kubokunda Azərbaycanı baş məşqçi Saypulla Absaidovun rəhbərliyi altında Yaşar Əliyev, Cəlal Süleymanov (hər ikisi 57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov, Məhəmməd Müslümov (hər ikisi 65 kq), Ruslan Dibirhacıyev, Murad Süleymanov (hər ikisi 70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) təmsil edəcək. B qrupunda yer alacaq milli komandanın rəqibləri İran, Türkiyə və Belarus olacaq. 

N.Əliyevin sözlərinə görə, Azərbaycan yığması Dünya Kubokunun favoritidir: "Böyük rəqabət İran yığması ilə olacaq. Buna baxmayaraq, bizim idmançılar uğurla güləşəcəklər. Ümumiyyətlə, biz yarışa qatılanda 2-ci, 3-cü olmaq haqda düşünmürük. Azərbaycan güləşi elə səviyyədədir ki, hansı yarışa qatılırıqsa, bizə favorit kimi baxırlar. İdmançılar da dərk edirlər ki, birinci olmaq üçün yarışmalıdırlar. Yalnız qələbə üçün çalışırıq. Bizim bir az vaxt məhdudiyyətimiz var. Dünya Kubokundan sonra I Avropa Oyunlarıdır. Ondan 3 ay sonra isə Dünya çempionatı olacaq".

Federasiya rəsmisi 97 kq çəkidə dünya, 3 qat Avropa çempionu və ikiqat olimpiya mükafatçısı Xetaq Qazyumovun yer almamasının səbəbini də açıqlayıb. O bildirib ki, X.Qazyumov "Bakı 2015" I Avropa Oyunlarında güləcək: "İstəyirik ki, Qazyumov Avropa Oyunlarında, Şərif Şəirfov Dünya Kubokunda güləşsin. Güclərin bölünməsini nəzərə alaraq bu cür addım atdıq".

"Bəzi çəki dərəcələrində yalnız bir güləşçinin yer alması riskli deyilmi?" sualını isə N.Əliyev belə cavablandırıb: "Bunların hamısı hesablanıb. İranla görüşümüz qrupda sonuncu olacaq. Bizə rəqib olan hansı çəkilərdə güclü idmançılar varsa, o çəki üçün iki idmançı götürmüşük. Bunların hamısı nəzərə alınıb. İki idmançı götürmüşük ki, yorulmasınlar".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi