Bakı. 14 fevral. REPORT.AZ/ Martın 5-də Qazaxıstanın paytaxtı Astanada start götürəcək komandalararası dünya çempionatı üçün Azərbaycanın kişi şahmatçılardan ibarət milli komandasının heyəti açıqlanıb.
Federasiyadan "Report"a verilən məlumata görə, yarışda Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov çıxış etməyəcək.
Bu, hər iki qrossmeysterin FIDE Qran Prilərinə hazırlaşmaları ilə əlaqədardır. Əvəzində, mundialda Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov mübarizə aparacaq. Onlar yeni kapitan Cahangir Ağarəhimovun rəhbərliyi altında çıxış edəcəklər.
Qeyd edək ki, yarışa Çin, İran, ABŞ, Misir, Rusiya, Polşa, Böyük Britaniya, Qazaxıstan və Hindistan yığmaları da qatılacaq. Martın 14-dək davam edəcək 9 turluq dünya çempionatı Astana Beynəlxalq Maliyyə Mərkəzində təşkil olunacaq.