Milli Olimpiya Komitəsinin vitse-prezidenti qanvermə aksiyasını böyük hadisə adlandırıb

Fərdi
  • 12 iyun, 2025
  • 11:26
Milli Olimpiya Komitəsinin vitse-prezidenti qanvermə aksiyasını böyük hadisə adlandırıb
Çingiz Hüseynzadə

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə qanvermə aksiyasını böyük hadisə adlandırıb.

"Report" xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında deyib.

Ç.Hüseynzadə MOK-un inzibati binasında təşkil edilən aksiyada idmançıların iştirakını xüsusi vurğulayıb və bunun böyük hadisə olduğunu bildirib.

"İyunun 14-ü Beynəlxalq Qan Donorları Günüdür. Eyni zamanda, 10 il əvvəl Bakıda Avropa Oyunlarının açılış mərasimi olub. Biz bu münasibətlə bu aksiyanı keçiririk. Gördüyünüz kimi, aksiyada ən görkəmli idmançılarımız, Olimpiya çempionlarımız, Avropa Oyunlarının qalibləri iştirak edirlər. Bu, bizim üçün həqiqətən böyük hadisədir".

O, bunun örnək addım olduğunu söyləyib:

"Bu, övladlarımızın sağlamlığına yönələn bir aksiyadır. Bu gün burada alınan qanlar balalarımızın müalicəsinə, onların sağlam həyat tərzi sürməsinə, yaşamasına kömək edəcək. İdman sağlamlıqdır. Cəmiyyətin ən sağlam insanları idmançılardır. Ona görə də idmançılarımızın burada iştirakı digər insanların da bu cür aksiyalara qatılması ilə bağlı fikirlərinə müsbət təsir göstərəcək. Belə qərara gəldik ki, bu cür aksiyalar keçiriləndə həmişə idmançılarımızdan bir neçə nəfər iştirak etsin. Həmin insanlar görsünlər ki, idmançılarımız təkcə idman meydançalarında, yarışlarda deyil, hətta öz qanları ilə Azərbaycan balalarının sağlamlığına töhfə verirlər".

Qeyd edək ki, MOK-un dəstəyi, Səhiyyə Nazirliyinin tabeliyindəki Respublika Qan Bankının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə bu gün kütləvi qanvermə aksiyası təşkil olunub. Tədbirdə MOK rəsmiləri, idmançılar, həmçinin idman ictimaiyyətinin bir sıra nümayəndələri və digər rəsmi şəxslər iştirak edib. Aksiya talassemiyadan əziyyət çəkən uşaqlar üçün keçirilib.

"Həmrəy olaq, qanımızla yaşadaq" adlı aksiya 14 İyun - Beynəlxalq Qan Donorluğu Gününə həsr olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti