Hazırkı dünya çempionu Maqnus Karlsen 5 turnirdən ibarət onlayn şahmat turunun növbəti seriyalarını təşkil edəcək.
"Report"un "Chess24"ə istinadən verdiyi məlumata görə, mükafat fondu 1 milyon ABŞ dolları olan turun ikinci mərhələsinə 12 şahmatçı qatılacaq.
"Lindores Abbey Rapid Challange" adlı mərhələ 19 may - 3 iyunda keçiriləcək.
Karlsen bundan əvvəlki superturnirdə olduğu kimi, bu dəfə də Azərbaycan qrossmeysterlərinə dəvət göndərməyib. Yarışda dünya şahmat tacının hazırkı sahibi ilə yanaşı, Dinq Liren, Vey Yi, Yuy Yanyi (hamısı Çin), Hikaru Nakamura, Uesli So (ABŞ), Yan-Kşiştof Duda (Polşa), Alireza Firuzca (İran), Aleksandr Qrişuk, Sergey Karyakin, Daniil Dubov (hamısı Rusiya) və Levon Aronyan (Ermənistan) iştirak edəcək.
Əvvəlcə şahmatçılar 3 gün ərzində rapid növü üzrə dairəvi sistemlə 11 tur oynayacaqlar. Ən yaxşı 8 şahmatçı pley-off mərhələsinə yüksələcək. Burada hər cütlükdə 3 qələbəyə ən tez çatan qrossmeysterlər növbəti tura vəsiqə qazanacaqlar.
Daha sonra "Online Chess Masters" (20 iyun - 5 iyul) və "Legends of Chess" (21 iyul - 5 avqust) turnirləri təşkil olunacaq. Hər 3 yarışın mükafat fondu 150 min ABŞ dollarıdır.
Şahmat turu 9 - 23 avqustda təşkil olunacaq və 300 min ABŞ dolları mükafat fonduna malik "Grandfinal"la başa çatacaq.
Qeyd edək ki, seriyanın ilk turniri ("Magnus Carlsen Invitational") bu ilin mayında başa çatıb. 250 min ABŞ dolları mükafat fonduna malik yarışı finalda amerikalı Hikaru Nakamuranı məğlub edən norveçli dünya çempionu qazanıb.