Mahir Məmmədov: "Məmmədyarov - Rəcəbov heç-heçələri idman prinsiplərinə cavab vermir" - MÜSAHİBƏ

Mahir Məmmədov: "Məmmədyarov - Rəcəbov heç-heçələri idman prinsiplərinə cavab vermir" - MÜSAHİBƏ Azərbaycan Şahmat Federasiyasının və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədovun "Report"a müsahibəsi
Fərdi
16 Mart , 2021 12:56
Mahir Məmmədov: Məmmədyarov - Rəcəbov heç-heçələri idman prinsiplərinə cavab vermir - MÜSAHİBƏ
Mahir Məmmədov

Azərbaycan Şahmat Federasiyasının və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədovun "Report"a müsahibəsi

- Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Çempionlar Turunun IV mərhələsində mübarizəni dayandırdılar. Onların "Magnus Carlsen Invitational"da uğursuzluğunun əsas səbəbi nə idi?

- Yarışlarda hər cür nəticələr qeydə alına bilər. Bu, yüngül və 15 dəqiqəlik partiyalar idi, klassik partiyalar deyildi. Rəqiblər onlayn yarışda bir-birilərini görə bilmirlər. Öz şahmatçılarımızdır, əlbəttə, hər birinin uğuru bizi sevindirir. Biz öyrəşmişik ki, hər zaman uğur olsun. Bu, sadəcə sıravi onlayn turnir idi. Bunun nəticəsində ancaq pul qazanırsan. Qələbə ilə görkəmli ada layiq olmursan. Şahmatçılar əyani yarışlarda iştirak etmirlər.

- Teymur Rəcəbov bundan əvvəlki turnirlərdə yaxşı nəticə göstərib. O, II mərhələdə qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub...

- Əcəb edib. Hər dəfə qalib gəlmək olmur axı... Burada təəccüblü heç nə olmamalıdır. Maqnus Karlsen belə hər dəfə qələbə qazana bilmir.

- Şəhriyar Məmmədyarov onlayn yarışlarda çətinlik çəkir. Bunun səbəbi nədir?

- Şəhriyar ümumiyyətlə onlayn oynamağı xoşlamır. Bunu dəqiq bilirəm. Amma məcburiyyətdən oynayırlar. Çünki başqa yarışlar yoxdur. Həm FIDE, həm də Azərbaycan və dünya şahmatı bu vəziyyətdədir. Onlayn turnirlər obyektiv yarışlar deyil. Burada ədalətsiz nəticələr belə, baş verə bilər.

- Levon Aronyanı Şəhriyar Məmmədyarov I turda məğlub etdi, Teymur Rəcəbov isə IV turda onunla heç-heçə oynadı. Buna baxmayaraq, növbəti mərhələyə erməni şahmatçı yüksəldi. Bu barədə nə deyə bilərsiniz?

- Şahmatçılarımızın Aronyan üzərindəki qələbələri bizi sevindirməyə bilməz. Aronyan da yaxşı şahmatçıdır. ABŞ-a köçüb və yüksək səviyyəli şahmatçıdır. Amma bizim təmsilçilərimizə qarşı çətinlik çəkir, bu da bizi sevindirir. Allah eləsin, həmişə belə olsun.

- Həmişə Məmmədyarov və Rəcəbov üz-üzə gələndə heç-heçə qeydə alınır. Sizcə, bunun əsas səbəbi nədir? Sanki onlar niyə öz aralarında ciddi rəqabət formalaşdıra bilmirlər. Halbuki Rəcəbov bu turnirdə Məmmədyarova qalib gəlsəydi, son görüşdə 1/4 final üçün şansı olacaqdı...

- Bu addım nəinki məni, hamını məyus edir və düzgün deyil, idman prinsiplərinə cavab vermir. Bunu dəfələrlə onların özlərinə də demişəm. Onlar bu addımı atmaqla, güya komanda yoldaşlığı və həmkarlıq prinsipini üstün tuturlar. Əslində idman prinsipi əsas götürülməlidir. Şəxsi turnirlərdə axıradək mübarizə aparmalısan. Maqnus Karlsen nəyin hesabına hörmətli və nüfuzlu çempion olub? Çünki həmişə rəqibindən asılı olmayaraq, fiqurlara qarşı oynayıb və sonadək mübarizə aparıb. Sadə heç-heçə vəziyyətlərində belə, udmaq üçün yol axtarır. Buna görə Maqnus Karlsenin avtoriteti dünyalar qədərdir. Biz Vüqar Həşimovun xatirəsinə "ShamkirChess" turniri təşkil edirik. Rusiyalı Sergey Karyakin də gəlir. Karyakin, Məmmədyarov və Rəcəbov bir-biriləri ilə oynayırlarsa, deməli, 3 heç-heçə hazırdır. Rauf Məmmədov da ora daxil olsa, daha bir heç-heçə bəllidir. Bunu hansı azarkeş xoşlayar? Heç bir təşkilat da xoşlamaz. Birmənalı şəkildə bizim şahmatçılarımızın etdikləri düzgün addım deyil.

- FIDE-nin vitse-prezidenti kimi bu suala cavab verməyinizi istəyərdik: Aronyan Ermənistan adına oynamaqdan imtina etsə də, hələ də yarışlarda Ermənistan təmsilçisi kimi göstərilir. Bunun səbəbi nədir?

- Keçid prosesi tam sona çatmayıb. Orada bəzi detallar var.

- FIDE-nin təşkil etdiyi İddiaçılar Turniri ilə bağlı nə yenilik var? Bir ara Teymur Rəcəbovun yarışa qayıdışı gündəmdə idi...

- Yarışın apreldə təşkili nəzərdə tutulub. Ümidvaram ki, yarış qaldığı yerdən davam edəcək və əvvəlki şahmatçılar turnirdə iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi