Mahir Məmmədov: "Vətən müharibəsindəki qələbədən sonra hədəfimiz maksimum olmalıdır"

Mahir Məmmədov: "Vətən müharibəsindəki qələbədən sonra hədəfimiz maksimum olmalıdır" "Şəhriyar Məmmədyarov onlayn turnirlərdə özünü komfort hiss etmir, belə yarışlar onun xoşuna gəlmir. Əyani turnirlərdə isə o, sabit formadadır"
Fərdi
135
16 Oktyabr , 2021 13:02
Mahir Məmmədov: Vətən müharibəsindəki qələbədən sonra hədəfimiz maksimum olmalıdır

Azərbaycan Şahmat Federasiyasının (AŞF) və FIDE-nin vitse-prezidenti Mahir Məmmədovun "Report"a müsahibəsi

- 11 - 22 noyabrda Sloveniyanın Çatej şəhərində Avropa çempionatı keçiriləcək. Kişilərdən ibarət yığma 4-cü dəfə qızıl medal qazanmaq üçün nə dərəcədə motivasiyalıdır?
- Komandamız yarışa ən güclü heyətlə qatılacaq. Kişi şahmatçılar əvvəlki uğurlarını təkrarlamaqda çox maraqlıdırlar. Ölkəmiz hazırda başqa səviyyədədir, 44 günlük Vətən müharibəsindən sonra böyük ruh yüksəkliyi var. Prezident, Ali Baş Komandan İlham Əliyev bu qələbə ilə Azərbaycan xalqına böyük impuls və enerji verib. Bu fonda qarşıya maksimum hədəflər qoymamaq düzgün olmazdı. İkin hesabatıma görə, Azərbaycan yığması yarışa güclü və optimal heyətlə getsə, reytinq siyahısında II və ya III olacaq.

- Bəs qadınlardan ibarət komanda?
- Onların neçənci olacağını hazırda deyə bilmərəm. Lakin ilk "3-lüy"ə düşmək böyük uğur olar. Komandanın lideri Günay Məmmədzadə kifayət qədər yüksək səviyyəli şahmatçıdır. İkinci və üçüncü nömrələr də ondan çox geri qalmır. Bu baxımdan, ən azı bürünc medal qazanmağı qarşılarına hədəf qoymalıdırlar.

- Yığma komandalara yeni kapitan təyinatları gözlənilmir?
- Hələkik komandaların bəlli deyil. Daha əvvəl qadınlarda Fikrət Sideifzadə, kişilərdə isə ya Qədir Hüseynov, ya da Eltac Səfərli idi. Bu sistemi növbəti dəfə saxlaya bilərik. Amma hələlik qərar verilməyib. Böyük ehtimalla əvvəlki kimi saxlanılacaq.

- Kişilərdən ibarət yığmaya yeni legionerin gətirilməsinə ehtiyac var?
- Xeyr, hazırda ehtiyac yoxdur. Komandaya düşməyə namizədlərdən Vasif Durarbəyli var. Reytinqcə 6-cı olduğundan, hazırda heyətə düşə bilmir. Baxmayaraq ki, ölkə çempionudur. Komandamız kifayət qədər güclüdür.

- Durarbəylinin heyətə düşməməsi vaxtaşırı müzakirə olunur...
- Qeyd etdiyim kimi, bunu reytinqə əsasən götürürük. Federasiyada mən tək deyiləm, ola bilər ki, son taxta barəsində müzakirə aparılsın.

- Teymur Rəcəbov Çempionlar Turunun final mərhələsində ikinci, Şəhriyar Məmmədyarov isə sonuncu - 10-cu yeri tutdu. Bu nəticələr sizin üçün nə dərəcədə gözlənilən oldu və onlayn turnir azərbaycanlı şahmatçılara hazırlıq səviyyələrinin artırılması baxımından nə verə bilər?
- Birmənalı qaydada çox şey verə bilməz. Çünki onlayn turnirin əyani yarışla yerlə göy qədər fərqi var. Rapid vaxt nəzarəti ilə klassik vaxt nəzarəti arasında da fərqlər mövcuddur. Onlayn yarışlara həddindən artıq diqqətlə baxmaq düzgün deyil. Mən Şəhriyar Məmmədyarovun Rumıniyanın paytaxtı Buxarestdəki "Superbet Chess Classic" turnirinin qalibi olmasını xüsusi qeyd etmək istərdim. Bu, əyani yarışda qazanıldığından, çox qiymətli qələbədir. Lakin rapidlə keçirilən onlayn yarışlara çox fikir vermirəm. Çünki şahmatçıların hazırlıqlarına turnirlərdə iştirak etmək, püxtələşmək və evdə güclü məşqçilərlə hazırlaşmaq daha müsbət təsir edir. Onlayn turnirlərdə oynamaq isə elə də effekt vermir. Ona görə belə turnirlərin çəkisinin bu cür qabardılmasını istəməzdim.

- Şəhriyar Məmmədyarovun çıxışlarında sanki qeyri-stabillik var...
- Şəhriyar onlayn turnirlərdə özünü komfort hiss etmir, belə yarışlar onun xoşuna gəlmir. Əyani turnirlərdə isə o, sabit formadadır. Məsələn, hazırda Şəhriyar Almaniya liqasında çıxış edir. Həmin yarışda göstərdiyi nəticələr qənaətbəxşdir.

- Növbəti il İddiaçılar Turniri başlayacaq. Həmin yarışla bağlı planlar necədir?
_ Teymur Rəcəbovun iştirakı artıq təsdiqlənib. Digər 4 və ya 5 şahmatçının kim olacağı bilinmir. 5-ci ya norveçli Maqnus Karlsen, ya da rusiyalı Yan Nepomnyaşi olacaq. Vəsiqələrdən 2-nin taleyinə oktyabrın 26-da Latviyanın paytaxtı Riqada start götürəcək “Grand Swiss" turnirinin yekununda aydınlıq gələcək. Şahmatçılarımızdan Şəhriyar Məmmədyarov, Nicat Abbasov, Rauf Məmmədov və Vasif Durarbəyli də turnirə qatılacaqlar. “Grand Swiss"dən başqa daha 2 nəfər 3 Qran-prinin nəticələrinə əsasən seçiləcək. Teymur rahatdır, Şəhriyar və ya digərləri də vəsiqə qazana bilər. İddiaçılar Turniri növbəti ilin ikinci yarısında başlayacaq. Amma dəqiq vaxtı hələlik bilmirik. Bilinən odur ki, Rəcəbov artıq hazırlıqlara start verib.

Son xəbərlər

Orphus sistemi