Bakının Novxanı qəsəbəsindəki “Sərhədçi" Atçılıq Klubunun açıq manejində cari ilin ilk konkur yarışları keçirilib.
"Report"un məlumatına görə, “E”, “L” və “M**” kateqoriyaları üzrə təşkil olunan “Sərhədçi” Kubokunda Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak edib.
“E” kateqoriyası üzrə 80 sm hündürlükdə maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla çıxış ediblər. 16 idmançının qatıldığı mübarizədə Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin idmançısı, Rəna Axundova “Tibet” ləqəbli atla 1-ci, “Sərhədçi" Atçılıq Klubunun idmançısı Gülay Fərzəliyeva “Cera 59” ləqəbli atla 2-ci, Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin digər idmançıları - Emin Rzayev “Light Limerick” ləqəbli atla 3-cü, Mədinə Əliyeva “Ak’s Clinteus” ləqəbli atla 4-cü yeri tutub.
“L” kateqoriyası üzrə hündürlüyü 120 sm olan yarışda 21 idmançı iştirak edib. Nəticədə “Buta Golden" Atçılıq Klubunun idmançısı Elmar Abdullayev “Bulud” ləqəbli atla 1-ci yerin sahibi olub. 2-ci yerdə “Meq” ləqəbli atla “Elit" Atçılıq Klubunun idmançısı Məhəmməd İsgəndərov qərarlaşıb. Bu klubun digər üzvü Ramil İbrahimov “Cera 59” ləqəbli atla 3-cü yerin sahibi olub. 4-cü yerdə “Murad" Atçılıq Klubundan Kənan Novruzov “D’Amour” ləqəbli atla qərarlaşıb.
Nəhayət, “M**” kateqoriyalı 125-130 sm hündürlükdə yerləşdirilmiş maneələrdən ibarət yarışda 9 at iştirak edib. “Sərhədçi" Atçılıq Klubunun idmançısı Seyid Musayev “Gilas” ləqəbli atla 1-ci yerin və “Sərhəçi” Kubokunun sahibi olub. “Gilan" Atçılıq Klubunun idmançısı Rahib İsmayılov “Carthanio” ləqəbli atla 2-ci, “Elit" Atçılıq Klubunun idmançısı Rəşad Səmədov isə “Zirvə” ləqəbli atla 3-cü yei tutub. 4-cü yerə “Elit"in daha bir üzvü Rəşad Səmədov “Damla” ləqəbli atla sahib çıxıb.