Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəhbər heyətinin toplantısı keçirilir.
Azərbaycan Şahmat Federasiyasından "Report"a verilən məlumata görə, görüşdə FIDE-nin məsul şəxsləri, o cümlədən qitələr üzrə federasiya rəhbərləri iştirak edir.
Toplantıda şahmat üzrə İddiaçılar Turnirinin püşkatma mərasimi keçirilib. Mötəbər mərasimdə ölkəni Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov təmsil edib.
Püşkə əsasən, Teymur Rəcəbova 4 rəqəmi qismət olub. Şahmatçı ilk turda ağ fiqurlarla Fransa təmsilçisi Alireza Firuzcaya qarşı oynayacaq.
Qeyd edək ki, İddiaçılar Turniri iyunun 16-dan iyulun 7-dək İspaniyanın paytaxtı Madriddə təşkil olunacaq. İddiaçılar Turnirinin qalibi şahmat tacı uğrunda görüşdə dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.