İddiaçılar Turniri: Teymur Rəcəbov liderlə yenə heç-heçə edib

İddiaçılar Turniri: Teymur Rəcəbov liderlə yenə heç-heçə edib İspaniyanın paytaxtı Madriddə keçirilən şahmat üzrə İddiaçılar Turnirində X tura yekun vurulub.
Fərdi
30 İyun , 2022 01:30
İddiaçılar Turniri: Teymur Rəcəbov liderlə yenə heç-heçə edib

İspaniyanın paytaxtı Madriddə keçirilən şahmat üzrə İddiaçılar Turnirində X tura yekun vurulub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Teymur Rəcəbov qara fiqurlarla rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gəlib. Görüş 37-ci gedişdə "sülh"lə yekunlaşıb - 0,5:0,5. Bu, turun yeganə heç-heçəsi olub. Rəcəbovun Nepomnyaşi ilə ilk dövrədəki oyununda da eyni hesab qeydə alınmışdı.

Qalan oyunların nəticələri:

Yan-Kşiştof Duda (Polşa) - Fabiano Karuana (ABŞ) - 1:0
Hikaru Nakamura (ABŞ) - Alireza Firuzca (Fransa) - 1:0
Rixard Rapport (Macarıstan) - Dinq Liren (Çin) - 0:1

10 turdan sonra 4,5 xala malik Rəcəbov 5-ci yerdə gedir. O, hərəyə 4 xal toplamış Duda, Rapport və Firuzcanı üstələyir. Turnir cədvəlinə 7 xalı olan Nepomnyaşi başçılıq edir. Nakamura, Karuana və Liren hərəyə 5,5 xalla 2 - 4-cü yerlərdə qərarlaşıblar.

Bu gün Rəcəbov XI turda ağ fiqurlarla Dudanı sınağa çəkəcək. Eyni zamanda Nakamura - Rapport, Firuzca Nepomnyaşi və Karuana - Liren görüşləri keçiriləcək.

Son xəbərlər

Orphus sistemi