Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.
"Report"un məlumatına görə, 35 yaşlı qrossmeyster XI turda ağ fiqurlarla polşalı Yan-Kşiştof Duda ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Şahmatçılar arasında IV turda baş tutmuş ilk matçda heç-heçə qeydə alınıb.
10 turdan sonra 4,5 xala malik Rəcəbov 5-ci yerdə gedir. O, hərəyə 4 xal toplamış Duda, Rapport və Firuzcanı üstələyir. Turnir cədvəlinə 7 xalı olan Nepomnyaşi başçılıq edir. Nakamura, Karuana və Liren hərəyə 5,5 xalla 2 - 4-cü yerlərdə qərarlaşıblar.
Bu gün eyni zamanda Nakamura - Rapport, Firuzca Nepomnyaşi və Karuana - Liren görüşləri keçiriləcək.
Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.