Sahil Allahverdiyev: “Gürcüstanın ilk azərbaycanlı olimpiya çempionu olmalıyam” – MÜSAHİBƏ - VİDEO

Sahil Allahverdiyev: “Gürcüstanın ilk azərbaycanlı olimpiya çempionu olmalıyam” – MÜSAHİBƏ - VİDEO Gürcüstanın boks üzrə milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına üç lisenziya qazanıb. Qonşu ölkənin şərəfini mötəbər idman tədbirində qorumaq imkanı əldə etmiş boksçulardan biri soydaşımız, 52 kiloqram çəki kateqoriyasında çıxış edən çoxqat Avrop
Fərdi
451
23 İyun , 2021 15:10
Sahil Allahverdiyev: “Gürcüstanın ilk azərbaycanlı olimpiya çempionu olmalıyam” – MÜSAHİBƏ - VİDEO
Sahil Allahverdiyev

Gürcüstanı Tokio-2020 Yay Olimpiya Oyunlarında 52 kq çəki dərəcəsində təmsil edəcək əslən azərbaycanlı boksçu Sahil Allahverdiyev “Report”un yerli bürosuna müsahibə verib. 22 yaşlı idmançı əvvəlcə boksa gəlişi və nailiyyətləri barədə danışıb:

- 1999-cu ilin yanvarın 9-da Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində anadan olmuşam. Ailədə 8 nəfərik. Boksa təsadüfən gəlmişəm. Bu idman növü ilə özum üçün məşğul olmaq istəyirdim. Ailəmdə buna qarşı çıxmadılar, amma yaxın dostlarım arasında qərarımla razılaşmayanlar oldu. V sinifdən boksa başladım. 2015-ci ildə Gürcüstanda yeniyetmələr arasında keçirilən çempionatda qələbə qazandım və ölkənin yığma komandasına daxil oldum. Elə həmin ildə yeniyetmələr arasında Ukraynadakı Avropa çempionatının qalibi adını qazandım. Bundan başqa “Minsk 2019” II Avropa Oyunlarında gümüş medal əldə etmişəm. Sevinirəm ki, 2015-ci ildə Avropa çempionu olandan sonra Poniçalada yeniyetmələr arasında boksa yazılanlar çoxaldı. Mən onlar üçün bir növ stimul oldum. Bunu da uğurum kimi qiymətləndirirəm.

- İndiyədək keçirdiyiniz qarşılaşmalar arasında ən çətini və yaddaqalanı hansı olub?

- Hər döyüşümü xatırlayıram. “Tokio-2020”yə lisenziya qazanmaq üçün London və Parisdə keçirilən təsnifat turnirlərində serbiyalı Duşan Yaniç və fransalı Bilal Bennama ilə qarşılaşmalarım çətin keçib. Serbiya təmsilçisinə qalib gəlsəm də, fransalı rəqibimə məğlub oldum. Əlimdə zədə var, amma olimpiada yaxınlaşdığına görə əməliyyat təxirə salınıb. Oyunlardan sonra əməliyyat olunmalıyam. İştirak etdiyim beynəlxalq yarışlarda Azərbaycanın boks yığmasının üzvlərinin mənə azərkeşliyini müşahidə etmişəm və bu, mənə olduqca xoş təsir bağışlayıb.

- Olimpiadaya hazırlıqlar necə keçir?

- Məşqlərimizi intensiv davam etdiririk. Həftədə beş dəfə hər gün iki saata yaxın məşq edirəm. Yarışlara 15 - 20 gün qalmış təlim-məşq toplanışlarımız olacaq. Yığma rəhbərliyinin mənimlə bağlı müsbət gözləntiləri var. Qızıl medalla dönəcəyimə inanırlar. Bu inamı doğrutlmağa və yaxşı nəticə əldə etməyə çalışacağam. Boksçu kimi yetişməyimdə məşqçim Füzuli Ələkbərovun böyük rolu və əməyi olub. Qazandığım uğurların arxasında məhz o durur.

- Hər bir idmançının qələbə formulu var. Rəqibləriniz üzərində üstünlük əldə etmək üçün hansı taktikanı seçirsiniz?

- Boks televizya kanallarında, kinolarda göstərildiyindən çox fərqlidir. Boks - sadəcə, yumruq atmaq deyil. Bu idman növündə ən əsas amil ağıl işlətməkdir. Boksçunun ağlı varsa və ən əsası, onu düzgün istifadə edə bilirsə, qələbə şansı olur. Əks halda, fiziki gücün faydası olmayacaq.

- İdmançı karyeranızın başlanğıcındasınız. Gələcəyinizi boksla bağlayırsınız, yoxsa başqa planlarınız var?

- Gələcəyimi boksda görürəm. Arzum Gürcüstanın adından olimpiya çempionu olmaqdır. Məqsədim və hədəfim Gürcüstanın ilk azərbaycanlı olimpiya çempionu adını qazanmaqdır.

Əslən azərbaycanlı boksçu və 12 ildir məşqçisi olan Füzuli Ələkbərov sovet dövründən təmir olunmayan və köhnə inventarlı idman qurğusunda məşğul olurlar. Gürcüstanı beynəlxalq arenalarda təmsil edən idmançının məhz belə məkanda yetişməsi təəccüblüdür.

Füzuli Ələkbərov
Füzuli Ələkbərov

Ələkbərov "Report"a açıqlamasında yetirməsinin imkanlarından danışıb: "Mən boksa yeni gələn yeniyetmələrdə potensial və bacarıq görürəmsə, onları seçib irəli çəkirəm. Sahil çox zəhmətkeş, ağıllı və çalışqan idmançıdır. O, yalnız idman zalında deyil, evdə də məşq edir, bütün tapşırıq və göstərişlərimi yerinə yetirir. Məşqçi-idmançı münasibətlərimiz yaxşı tənzimlənir. Sahil uğurlarına addım-addım yaxınlaşıb".

Ələkbərovun sözlərinə görə, Allahverdiyev rəqiblərini yaxşı tanıyır: "O, kiminlə və necə döyuşməyin lazım olduğunu yaxşı bilir. Ondan uğurlu çıxış gözləyirəm. Tutacağı yerin mənim üçün fərqi yoxdur. Əsas odur ki, olimpiadada fərqlənsin və yaxşı nəticə göstərsin".

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarında boksçular 25 iyul - 9 avqustda mübarizə aparacaqlar.

Son xəbərlər

Orphus sistemi