Hacı Əliyev: "Olimpiya qızılı üçün özümü zülmə salıram"

Hacı Əliyev: "Olimpiya qızılı üçün özümü zülmə salıram" Sərbəst güləş üzrə 3 qat dünya, 3 qat Avropa çempionu, Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş, Tokio-2020 olimpiadasının gümüş mükafatçısı Hacı Əliyevin "Report"a müsahibəsi
Fərdi
11 Mart , 2022 13:29
Hacı Əliyev: Olimpiya qızılı üçün özümü zülmə salıram
Hacı Əliyev

Sərbəst güləş üzrə 3 qat dünya, 3 qat Avropa çempionu, Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc, Tokio-2020 olimpiadasının gümüş mükafatçısı Hacı Əliyevin "Report"a müsahibəsi

- Karyeranızı davam etdirmək qərarına gəldiniz. Tokio-2020-dən sonra idmanla vidalaşma ehtimalınız nə qədər idi?
- Həqiqətən də karyeramı bitirmə ehtimalım var idi. Çünki Tokio olimpiadasından əvvəl gözümdən əməliyyat olunmuşdum. Həkimlər yarışda iştirakımı məsləhət görmür və bildirirdilər ki, hər şeyi zamana buraxmaq lazımdır. Çətinliklə də olsa, olimpiadaya getdim. Gözümün elə hala düşməsi və təlim-məşq toplanışlarının çoxluğu məni yormuşdu. Bezməsəm də, çox yorulmuşdum. Düşünürdüm ki, Yay Olimpiya Oyunlarında qızıl medal qazanaraq, idmançı karyeramı yekunlaşdırım. Olimpiadadan sonra isə 1-2 ay dincəldim və fikirləşmək qərarına gəldim. Dincələndən sonra gördüm ki, Paris-2024 Yay Olimpiya Oyunları yaxınlaşır, 2023-cü ildə lisenziya turnirləri olacaq. Özümdə gücün və enerjinin olduğunu hiss etdim. Qərara gəldim ki, bir dəfə də Yay Olimpiya Oyunlarında iştirak edə bilərəm. Yəni, risk etməyə və bu əziyyəti çəkib güləşməyə dəyər. Legionerləri nəzərə almasaq, hansısa azərbaycanlıda üç olimpiya medalı yoxdur. Üçüncü dəfə medal qazanaraq, ölkəmiz üçün tarix yazmağım mümkündür. Şəxsi məşqçilərimdən də fikirlərini aldıqdan sonra düşündüm ki, yenə güləşə bilərəm. Bu gün hələlik 65 kq çəki dərəcəsində istər ölkədə, istərsə də beynəlxalq arenada liderlərdən biriyəm.

- Paris olimpiadası üçün arzusunda olduğunuzun qızıl medalı qazanmağınız nə dərəcədə realdır?
- Elə bundan ötrü məhz idmanda qaldım. Olimpiya "qızıl"ı üçün özümü zülmə salıram. Güləş çox çətin və ölkəmizin qədim idman növlərindən biridir. Prezident İlham Əliyev də güləşi çox sevir. 2024-cü ildə qızıl medal qazanmağa çalışacağam. Olimpiadanın bürünc və gümüş medallarına sahib olmuşam. Qızıl medal üçün gücüm də, şansım da var. Həm çempionluğu, həm də tarix yazmağı hədəfləyirəm.

"Yaponiyalı idmançını məcburən ayağa qaldırıb güləşdirməli idilər"

- Artıq soyuq başla analiz etsəniz, Tokio olimpiadasında qızıl medal qazanmağınıza nəyin mane olduğunu və səhvə harada yol verdiyinizi deyə bilərsiniz?
- Səhv deməzdim. Yaponiyalı rəqibim Takuto Otoquro ilə qarşılaşmada son 30 saniyəyədək hesab 2:2 idi və axırıncı xal prinsipinə görə öndə idim. Otoquro birinci hissədə iki dəfə barmağını gözümə saldı. İkinci yarıda isə o, heç nədən gözünü tutdu və dincəlmək istədi. Həkimlər xalçaya gəldilər, rəqib 40 saniyə dincəldi. Halbuki qaydalara əsasən, onlar ciddi zədə olduqda meydana girə bilərlər. Rəqib dincələndən sonra mübarizəyə başladı. Sözsüz ki, həmin vaxt mən də dincəlirdim. Amma Otoquro çox yorulmuşdu. Dincəlməsi ona çox kömək oldu. Məşqçilərimiz etiraz etsələr də, nəticə olmadı. Yaponiyalı idmançını məcburən ayağa qaldırıb güləşdirməli idilər. Rəqib ayağa qalxmasa, mənə bir xal verilməli idi. Amma bunu etmədilər. Rəqibə heç nə olmamışdı. Sadəcə, çox yorulmuşdu. Məndən xal da aldı və bu, təmiz xal idi. Amma onun dincəlməsi nəticəyə təsir etdi.

"Dördüncü dəfə bu titula yiyələnərək, tarix yazmağa çalışacağıq"

- Bu il ilk olaraq, hansı yarışda iştirak etməyi planlaşdırırsınız?
- 28 mart - 3 apreldə Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatına qatılmağı düşünürəm. Martın 9-da yarış üçün ilk təlim-məşq toplanışını başa vurmuşuq. Tezliklə yeni hazırlıq prosesi start götürəcək. Azərbaycan tarixində güləş üzrə dördqat Avropa çempionu yoxdur. Yığmanın baş məşqçisi Namiq Abdullayev, eləcə də Cəbrayıl Həsənov və mən üç dəfə qızıl medal qazanmışıq. Qismət olsa, dördüncü dəfə bu titula yiyələnərək, tarix yazmağa çalışacağıq.

- Avropa çempionatlarında da tarixə düşməyi qarşınıza məqsəd qoymusunuz?
- Əlbəttə. Hər yarışa gedəndə məqsədim çempion olmaqdan ibarətdir. Ölkəmdə idman sarıdan hər kəsdən üstün olmaq və hər kəsi qabaqlamaq niyyətindəyəm. Rusiya, İran və ABŞ kimi böyük ölkələrin dünya çempionları çoxdur. Amma bizim güləşdə çox da dünya çempionu yoxdur. Səhv etmirəmsə, yunan-Roma güləşində olimpiya çəki dərəcələrində Rövşən Bayramov və Fərid Mansurov, cüdoda isə Elxan Məmmədov dünya çempionu ola bilib. Özümdə o gücü hiss edir, hər yarışda yeni tarix yazmaq istəyirəm.

"Olimpiadadan sonra elə oradaca hamı ilə, bütün güləşsevərlərlə vidalaşacağam"

- Paris-2024 Yay Olimpiya Oyunlarından sonra kayerasınızı başa vuracaqsınız?
- Əslində belə bir qərarı Tokio olimpiadasından sonra vermək istəyirdim. Yenə vurğulamaq istəyirəm ki, özümdə güc və enerjinin olduğunu hiss etdim. Bəlkə də ölkədə ən çox nəticə qazanan və uzun müddət güləşən idmançıyam. Çox güclü idmançılarımız olub. Hətta olimpiya və dünya çempionlarımız da var. Amma mən uzun illərdir dayanmadan nəticələr qazanıram. Hiss edirəm ki, bu uğurların davamını gətirə biləcəyəm. Qəti qərarım belədir ki, Fransadakı olimpiadadan sonra elə oradaca hamı ilə, bütün güləşsevərlərlə vidalaşım.

Hacı Əliyev
Hacı Əliyev

- İdmançı karyeranızı bitirdikdən sonra hansı hədəfləriniz var?
- Güləş və ya digər idman sahəsində çalışmaq istəyirəm. İnanıram ki, hansısa işlə və ya vəzifə ilə təmin olunacağam. Hamı bilir ki, Azərbaycan idmanı, güləşi üçün böyük işlər görmüşəm, uğurlar və yaxşı nəticələr qazanmışam. Düşünürəm ki, karyeramı bitirəndən sonra rəhbərimiz məni kənarda qalmağa qoymayacaq. Yəqin ki, məni idmanın inkişafında rolu olacaq hansısa işə təyin edərlər. Bütün ömrümü idmana həsr etmək istəyirəm. İşim və peşəm budur, başqa sənətim yoxdur. Fərqli vəzifə də istəmirəm. İdman sahəsindəyəm, xalqımız məni idmançı kimi tanıyıb, özümü başqa sahədə göstərə bilmərəm. Hansısa vəzifədə otura bilərəm, amma işim idmandırsa, bu sahənin yaxşı yerlərində çalışıb öz bilgilərimi, əziyyətimi idmançılarımıza və ölkəmizə sərf etmək istəyirəm.

- İdmanda məşqçi, yoxsa funksioner kimi qalmaq istəyirsiniz?
- Məşqçi olmaq çox çətindir. Heç vaxt bu sahədə çalışmamışam. Kifayət qədər yaxşı məşqçilərimiz var, yığmada yaxşı mütəxəssislər yer alıb. Düşünmürəm ki, mənə məşqçi kimi ehtiyacları olsun. İdmançı kayerasından sonra harada çalışacağımı gələcək göstərəcək.

- Ötən ilin sonunda Mikayıl Cabbarov Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib. Yeni rəhbərlikdən gözləntiləriniz nədir?
- Biz güləşçilərə yaxşı baxılmasını istəyirik. Federasiyamız bütün olimpiadalarda yaxşı nəticələr göstərir. İnanıram ki, Mikayıl müəllimin gəlişi ilə hər şey daha yaxşı olacaq və güləşçilərə diqqət yenə artacaq. İstər pul mükafatlarında, istərsə də maaşlarda müsbət dəyişikliklərin olacağını gözləyirik. Çünki idmançılar bu gün diqqət gözləyirlər. Fikirləşirlər ki, qələbə qazansaq, maaşım qalxacaq və mükafat olacaq. Çünki əksəriyyəti idmana kasıblıqdan üz tutur, hər kəs nələrsə əldə etmək istəyir. Məndən sonra gələcək güləşçilərə də daha yaxşı baxılmasını arzulayıram. Mikayıl müəllimin gəlişi bütün güləşçilərimizi və federasiyamızı sevindirib. Ümid edirəm ki, olimpiadayadək yaxşı hazırlıq prosesi keçəcəyik və Vətənə medallarla dönəcəyik.

"Rusiyalı güləşçilərin yarışda olmaması əlavə üstünlükdür"

- Rusiya idmançılarına Ukrayna ilə müharibəyə görə sanksiya tətbiq olunub. Bunun sizə müsbət yöndə təsiri olacaqmı?
- Hamı bilir ki, əsas rəqiblərim Rusiya təmsilçiləri olub. Həmin idmançıların qarşıdakı yarışlarda olmaması güləşçilərimiz üçün də müsbət amildir. Yəni, çempionluq şansımız daha da çoxalır. Rusiya idmançıları dünya güləşində böyük gücə sahibdirlər. Tək mənim üçün yox, digər təmsilçilərimiz üçün də onların olmamaları əlavə üstünlükdür. Qarşıdakı Avropa çempionatında ən güclü rəqiblərimdən biri olmayacaq. Amma istəməzdim ki, belə bir hadisə olsun. Çünki bütün idmançılar əziyyət çəkirlər. Avropa çempionatına hazırlaşanların zəhməti də hədər gedir. Kiminsə əziyyətinin yerdə qalmasını istəməzdim.

- Azərbaycanın qadın güləşçisi Mariya Stadnik əslən Ukraynadandır. Onunla müharibə haqqında danışmısınız?
- O, bizim əfsanəvi idmançımızdır. Tez-tez danışmasaq da, arada söhbət edirik. Son hadisələrlə bağlı danışmamışam. Ukraynanın çətin durumda olduğunu və əziyyət çəkdiyini bilirəm. Həmişə sülhün tərəfdarı olmuşuq. Ukraynada azərbaycanlılar və mənim yaxın dostlarım da var. Belə olmasını heç istəməzdim. Müharibənin tezliklə sona çatmasını arzulayıram.

- Sərbəst güləş yığmasının dağıstanlı legionerləri də var. Onlar müharibə ilə bağlı hansı fikirdədirlər?
- Bu söhbətlərdə çox da dərinə getmirəm. İdmançıları belə məsələlərə qatmaq istəmirəm. İnstaqram hesabımda Ukraynaya dəstək olmuşdum. İstəməzdim ki, günahsız yerə insanlar və uşaqlar həlak olsunlar. Sülhun olmasını arzulayıram. Bir ucu ölümlü dünyadır, hamı əvvəl-axır canını tapşıracaq. Ölümlü dünyada niyə bir-birimizi öldürməliyik? Hər şeyin həlli yolları var. Kimsə sənin torpağına və haqqına girirsə, lazım olanı etməlisən. Necə ki, biz torpaqlarımıza girənlərin dərsini verdik və torpaqlarımızı azad etdik.

Hacı Əliyev
Hacı Əliyev

"Bəziləri çox əziyyət çəkməsə də, istedadları var"

- Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Oyan Nəzəriani saytımıza müsahibəsində "Hacı Əliyev güləşin Kriştianu Ronaldusudur" ifadəsini işlədib. Bu müqayisə barədə nə deyə bilərsiniz?
- Həmin yazını oxumuşam (gülür). Dünya güləşində çoxlu tanınmış şəxs var. Bəlkə də bunu Azərbaycan güləşi üçün demək istəyib. Həmişə əziyyət çəkən və üzərimdə işləyən idmançıyam. Bəziləri çox əziyyət çəkməsə də, istedadları var. Amma istedadlı idmançı da bir yaşa qədər nəticə verə bilir. Daim məşqlər etmək lazımdır. Hər zaman məşq edir və formada qalmaq istəyirəm. Oyan Nəzəriani də nə qədər əziyyət çəkdiyimi görür. O, özümə də deyib ki, Ronaldu kimi əziyyət çəkən idmançısan (gülür). Bütün fikirləri mənim üçün dəyərlidir. ABŞ-dan olan məşqçi Mark Alan Filipp ilə birlikdə üzərimdə çox əziyyəti olub. Olimpiadadan əvvəl fiziki məşqlərdə çox əziyyət çəkiblər.

- Hacı Əliyev Azərbaycan güləşinin Kriştianu Ronaldusudursa, ölkə güləşinin Lionel Messisi kimdir?
- Bu, çox çətin sual oldu (gülür). Yaxşı güləşçilərimiz olub. Adlarını çəkmirəm, hamı onları yaxşı tanıyır. O adı kimə verəcəyimi bilmirəm (gülür).

Son xəbərlər

Orphus sistemi