Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində 22 rayondan olan 100-dən çox şəhid və qazi övladları, aztəminatlı və çoxuşaqlı ailələrin övladları, müsabiqə (intellektual, yaradıcı, idman, bilik) qalibləri üçün yay düşərgəsi keçirilib.
Nazirlikdən "Report"a verilən məlumata görə, yay düşərgəsi zamanı gənclərə asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi, insan hüquqları, liderlik keyfiyyətlərinin inkişafı mövzularında təlimlər, “İngilis dilini əylənərək öyrənirik”, rəsm üzrə ustad dərsləri, yoqa, hip-hop və “crop dance” məşğələləri olub.
Düşərgə müddətində iştirakçılar üçün maraqlı və əyləncəli oyunlar, intellektual oyunlar, komanda quruculuğu, şəbəkələşmə, müxtəlif yeni tanışlıqlar, idman oyunları, konsert proqramı və s. fəaliyyətlər təşkil edilib.
Düşərgənin sonuncu günü gənclərin biri-birindən rəngarəng və maraqlı çıxışlarından ibarət karnaval gecəsi keçirilib.
İştirakçılara düşərgə boyu təlimlərdə və məşğələlərdə fəal iştiraklarına görə diplomlar təqdim olunub.