Şübhəsiz, ölkəmizə gələn ABŞ-li güləş mütəxəssisləri Azərbaycan idmanına töhfə verəcəklər.
"Report"un məlumatına görə, bunu Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev Milli Olimpiya Komitəsinin inzibati binasında təşkil olunan mətbuat konfransında deyib.
Federasiya rəsmisi Azərbaycanda səfərdə olan hər bir mütəxəssisin öz işinin ustası olduğunu diqqətə çatdırıb: "ABŞ-nin Azərbaycandakı səfirliyinin rəsmi nümayəndələrinin təşəbbüsü ilə ölkəmizə gələn qonaqların qadın güləşinin inkişafına töhfə verə biləcəklərinə şübhə etmirəm. Onlar artıq bir neçə gündür ki, Azərbaycanın müxtəlif şəhər və rayonlarında öz bilik və bacarıqlarını yerli qadın güləşçilərimizlə bölüşürlər. ABŞ-li güləş mütəxəssislərinin Azərbaycanda olmasından məmnunliq hissi duyduğumuzu bildirməliyəm".
Qeyd edək ki, ABŞ-nin qadın güləşi üzrə 14 mütəxəssisi Azərbaycanda səfərdədir. Onlar mayın 25-dək davam edəcək səfər çərçivəsində “Qız kimi güləş” şüarı altında ölkəmizin müxtəlif idman zallarında olacaq, "ustad dərsləri" keçəcək və yerli məşqçilərlə fikir mübadiləsi aparacaqlar.