Çalışacağam ki, gələcəkdə daha böyük nəticələr əldə edim.
“Report” xəbər verir ki, bunu Polşanın Raşin şəhərində gənclər və 23 yaşadək atletlər arasında keçirilən Avropa birinciliyində uğurla çıxış etmiş Azərbaycan ağırlıqqaldıranı Əli Şükürlü jurnalistlərə açıqlamasında deyib.
“Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi başda olmaqla qələbəmizdə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Uzun müddət idi ki, təlim-məşq toplanışımız keçirilirdi. Avropa çempionatında 2 bürünc, 1 gümüş medal qazandım”, - o əlavə edib.
Qeyd edək ki, Ə.Şükürlü birdənqaldırmada 173 kq nəticə göstərərək gümüş medalını qazanıb. Təkanlaqaldırmada 201 kq ağırlığı başı üzərinə qaldıran idmançı bu dəfə bürünc medala sahib olub. Ə.Şükürlü toplamda da "üçlüy"ə düşməyi bacarıb. O, 374 kq (173+201) nəticə ilə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Azərbaycanın yığması Avropa birinciliyində 2-si qızıl, 4-ü gümüş, 6-sı bürünc olmaqla ümumilikdə 12 medal qazanıb. O cümlədən Ravin Alməmmədovla Ömər Cavadov qızıl medala sahib olublar.