EJU prezidenti: "Azərbaycan cüdoçuları Avropa çempionatında super nəticələr göstərdi"

EJU prezidenti: "Azərbaycan cüdoçuları Avropa çempionatında super nəticələr göstərdi" Avropa Cüdo Birliyinin (EJU) prezidenti Laslo Totun "Report"un Çexiyanın paytaxtı Praqaya ezam olunmuş əməkdaşına eksklüziv müsahibəsi
Fərdi
19 Sentyabr , 2022 18:28
EJU prezidenti: Azərbaycan cüdoçuları Avropa çempionatında super nəticələr göstərdi

Avropa Cüdo Birliyinin (EJU) macarıstanlı yeni prezidenti Laslo Totun "Report"un Çexiyanın paytaxtı Praqaya ezam olunmuş əməkdaşına eksklüziv müsahibəsi

- Gənc cüdoçular arasında Avropa çempionatının təşkilatçılığı nə dərəcədə uğurlu alındı?
- 2022-ci ildə belə yarış keçirdiyimiz üçün sevinirəm. Bu cür istedadlı cüdoçularımızın olduğunu Avropaya, bütün dünyaya göstərmək istəyirdik. Fikrimcə, geridə qalan 4 gündə bunun şahidi olduq. Bu gənclər təmsil etdikləri ölkələrin gələcəyidirlər. Avropa çempionatında 39 ölkə iştirak etdi. Düşünürəm ki, bu, Avropada cüdoya olan marağı açıq-aşkar göstərir.

- Yarışda sizin üçün hər hansı sürpriz nəticə oldu?
- Cüdo sürətlə dəyişir. Gördüyüm qədərilə, bir neçə ölkə super nəticələr göstərdi. Buraya Azərbaycan və Türkiyəni aid etmək olar. Bu iki ölkə daha əvvəl də kifayət qədər istedadlı cüdoçuya sahib olduğunu sübut edib. Amma bu yarışda göstərdiniz ki, təkcə Qərbi Avropaya deyil, Şərqi Avropaya da diqqət ayırmaq lazımdır. Sizin vasitənizlə Azərbaycan Cüdo Federasiyasını təbrik edirəm. Azərbaycan cüdonun inkişaf proqramını uğurla həyata keçirdiyini burada nümayiş etdirdi.

- Yarışı əvvəldən sonadək izlədiniz və hər bir cüdoçunun çıxışına diqqətlə baxdınız. Azərbaycanın 60 kq çəki dərəcəsində mübarizə aparan idmançısı Turan Bayramov final görüşündə fənd tətbiq etsə də, hakimlər ona hansoku, rəqibə isə qələbə verdilər. Həmin qərarı necə şərh edərdiniz?
- Hakimlərin işi ilə bağlı ciddi nəzarət var idi. Qərar şübhə doğurduqda, epizod 3 fərqli rakursdan izlənilir. EJU prezidenti olaraq bildirirəm ki, hakimlərin qərarı ilə mütləq razılaşmaq lazımdır. Hər detalı ayrıca tənqid etmək və ya dəyərləndirmək istəmirəm. Fikrimcə, doğru qərar idi. Çünki onlar da öz üzərilərində çox yaxşı işləyirlər.

- Həmin epizodu xatırladınız?
- Xeyr. Üzrlü sayın, çoxlu döyüş izlədiyimdən, yadımda qalmayıb.

- Final görüşü idi...
- Başa düşürəm. Amma hakimlərin qərarını şərh edə bilmərəm. Bilirəm, sizin üçün hər bir medalın önəmi var. Burada iştirak edən bütün ölkələrə minnətdarlığımı bildirirəm.

- 2023-cü ildə Azərbaycanda yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək. Bu barədə nə deyə bilərsiniz?
- Bu, Azərbaycan üçün tarixi an olacaq. Ölkəniz belə bir yarışa ev sahibliyi edəcəyi üçün şadam. Yeni səhifə açırıq. Hər bir ölkənin imkanlarına uyğun fərqli üslubda işləyəcəyik. Azərbaycan bizim üçün önəmli ölkədir. Çünki sizin olimpiya çempionunuz, titullu idmançılarınız var. Cüdoçularınız beynəlxalq yarışlarda çox yaxşı nəticələrə imza atırlar. Dövlətin cüdonun inkişafına necə kömək etidiyni, vacib insanların bu idman növünü necə sevdiyini görürük.

- Yəqin, bilirsiniz, Azərbaycan Cüdo Federasiyasının yeni rəhbərliyi var...
- Təbii ki. Azərbaycana yeniyetmələr arasında ilk Avropa çempionatını biz həvalə etmişik. Səhv etmirəmsə, 2003 və ya 2004-cü il idi. Həmin vaxt Asif Əsgərov federasiyasının vitse-prezidenti idi. Belə bir xahişlə bizə müraciət etdi. Biz də bunu müzakirə edib, müsbət cavab verdik. Ondan sonra da Bakıda bir neçə beynəlxalq yarış keçirilib.

- Cüdo Rusiya və Belarus idmançılarının yoxluğunda necə görünür?
- Bu barədə danışmaq istəyirdim. Açığı, Avropa çempionatı tam rəqabətli keçmədi. Çünki burada Rusiya və Belarus cüdoçuları iştirak etmədi. Bizim üçün hər bir ölkə vacibdir. İnanıram ki, cüdo yenidən əvvəlkitək hamını birləşdirəcək. Sözügedən ölkələrdə də cüdo yüksək səviyyədə inkişaf edib. Bəlkə də bu yarışda iştirak etsəydilər, medal sıralaması fərqli olardı. Beynəlxalq Cüdo Federasiyasının (IJF) qərarını gözləyirik. Bizim Rusiya Cüdo Federasiyası və Belarus Cüdo Federasiyası ilə centlmen anlaşmamız var. Avropa səviyyəli yarışlarda iştirak etməmək onların şəxsi qərarıdır. Yəni, biz tərəfdən bu ölkələrin idmançıları ilə bağlı diskvalifikasiya qərarı yoxdur.

- Onlar özləri iştirak etmək istəmirlər?
- Bəli. Biz də razılaşmışıq. Avropa Cüdo Birliyi nə Rusiya, nə də Belarus idmançılarını yarışlardan kənarlaşdırıb. Hələlik özləri istəmirlər. Artıq bir dəfə - Monqolustandakı yarışa qatılıblar. Bu isə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnir idi.

- Bu ilin iyunundan EJU-ya rəhbərlik edirsiniz. Sergey Soloveyçikin istefaya göndərilməsi və sizin təyinatınız Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlıdır?
- Xeyr. Rusiyalı Soloveyçikdən sonra EJU-ya müvəqqəti prezident təyin olundu. Daha sonra İcraiyyə Komitəsinin, ardınca isə iyunun 18-də EJU-nun növbədənkənar konqresi keçirildi və mən 2 il müddətinə qurumun prezidenti seçildim.

- Bu amil Soloveyçikin istefasında hansı rolu oynadı?
- Bu, onun şəxsi qərarı idi. Müharibə başladıqdan sonra məlumat aldıq ki, vəzifəsindən ayrılmaq istəyir.

- Necə düşürsünüz: Avropa cüdosu digər qitələrlə başabaş mübarizə apara bilmək iqtidarındadır?
- Soloveyçikin gedişindən sonra hər şeyi dəyişdik. Fikrimcə, rəhbərlikdə, İcraiyyə Komitəsində hər bir ölkənin federasiyasından güclü insanlar çalışmalıdır. Məsələn, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədliyə EJU-nun İdman Komissiyasında çalışmağı təklif etdik. Onun işinə hörmətlə yanaşırıq. Bunlar ilk addımlardır. Böyük inkişaf proqramı hazırlamışıq. Bu ilin dekabrınadək açıqlanacaq. Xeyli ölkəyə kömək edəcəyik.

- Maddi cəhətdən?
- Təkcə maddi cəhətdən deyil, təhsil baxımından da yardım edəcəyik. Daha sonra Paris olimpiadasına hazırlıqla bağlı təlim-məşq düşərgəsi təşkil oluncaq. Təkcə Azərbaycan deyil, Gürcüstan üçün də təqvim açılıb. Plan belədir ki, yarış Gürcüstanda başlayacaq, bir həftə sonra isə Azərbaycanda davam edəcək. İştirakçılar əvvəlcə Gürcüstana uçacaqlar, oradan isə avrobusla Azərbaycana yollanacaqlar. Bu isə o deməkdir ki, iki yarış üçün bir bilet olacaq.

- Bizdə hələlik quru sərhədləri bağlıdır...
- (gülür - red.). Gələn ilə kimi açılacaq. Düşünürəm ki, hər şey normal olacaq.

- Yarış nə vaxt keçiriləcək?
- Yarış gələn il 6-7 mayda Göygöldə təşkil olunacaq. Eşitdiyim qədərilə, çox gözəl yerdir.

- Bu yaxınlarda orada beynəlxalq təlim-məşq toplanışı olub...
- Bəli. Ötən ay keçirilib. Gələn il həm toplanış, həm də yarış olacaq. Çox yaxşı ideyamız, planlarımız var. Avropaya çox güclü federasiya lazımdır. Buna görə səylə çalışırıq. EJU-nun 2,3 milyon üzvü var. Bu, əla nəticədir. Müxtəlif ölkələrdə uşaqlar üçün cüdo məktəbləri açılır. Bu idman növünün inkişafı üçün çalışırıq. Bununla bağlı normal büdcə ayrılıb.

Son xəbərlər

Orphus sistemi