“Arzularım Bakıda yerinə yetdi”.
Bunu “Report”a açıqlamasında Bakıda təşkil edilən dünya çempionatının 25 metr məsafəyə tapançadan cəld atəşaçma növündə qızıl medal qazanan Li Yuehonq deyib.
40 atışdan 39-nu dəqiq yerinə yetirərək dünya rekordunu yeniləyən idmançı bu uğuru öncədən xəyal etdiyini bildirib: “Özümü çox xoşbəxt hiss edirəm. Yarış mənim üçün yaxşı keçdi. Bu, ilk dünya çempionluğumdur. Komanda şəklində bu uğura nail olmuşduq, amma fərd olaraq mənim üçün ilkdir”.
33 yaşlı atıcı növbəti hədəfinin olimpiya çempionluğu olduğunu vurğulayıb: “Mənim üçün dünya çempionatında çıxış etmək çox vacibdir. Qızıl medalla dünya rekordu arasında fərq qoya bilmərəm. Bu uğurdan sonra məqsədim Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaq olacaq. Amma çox çətin görünür. İndiyə qədər olimpiadalarda iki dəfə üçüncü yeri tutmuşam. Bu dəfə qızıl medal uğrunda mübarizə aparacağam”.