Bakıda qadınlar arasında təşkil olunan şahmat üzrə Dünya Kubokunun bağlanış mərasimi keçirilib.
“Report”un məlumatına görə, yarışda ilk üç yeri tutan qrossmeysterlər mükafatlandırılıblar.
Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, FİDE prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov iştirak ediblər.
Mərasim Azərbaycan Dövlət Himni və FİDE-nin rəsmi himninin səsləndirilməsi ilə başlayıb. Ardından çıxış edən Mahir Məmmədov Dünya Kubokuna ev sahibliyi etdikləri üçün qürur hissi keçirdiyini bildirib: "Bundan sonra daha üç həyəcanlı gün yaşayacağıq. Qadınlar arasında yarışın qalibinə və digər iştirakçılara öz təbrikimi çatdırıram. Yarışın yüksək səviyyədə təşkili üçün əlimizdən gələni etdik. Bakı bütün dünya şahmatsevərlərinin diqqət mərkəzində idi. FİDE ilə əməkdaşlığımızı davam etdirəcəyik və bundan sonra da nüfuzlu yarışlara ev sahibliyi etməyə çalışacağıq".
Daha sonra çıxış edən Arkadi Dvorkoviç Gənclər və İdman Nazirliyi və yerli federasiya ilə birlikdə möhtəşəm turnir keçirdiklərini söyləyib: "Ümid edirəm ki, bütün şahmatçılar, qonaqlar Azərbaycanın qonaqpərvərliyindən zövq aldılar. Qadınlar arasında seçilən Aleksandra Qoryaçkina isə gözəl çıxışı ilə hər kəsi valeh etdi".
Sonda qaliblər mükafatlarını alıblar. FİDE-nin bayrağı altında çıxış edən rusiyalı Aleksandra Qoryaçkina qızıl medal və Dünya Kubokuna yiyələnibsə, bolqarıstanlı Nurgül Salimova gümüş, ukraynalı Anna Muziçuk isə bürünc medal qazanıblar. Onlara mükafatları Fərid Qayıbov, Arkadi Dvorkoviç və Mahir Məmmədov təqdim ediblər.
Qeyd edək ki, kişilər arasında Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.