"2015-ci ildən Rövnəq Abdullayevlə çalışmışıq. Onunla birlikdə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarını izləmişik".
"Report"un məlumatına görə, bu fikirləri Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Cüdo Federasiyasının növbədənkənar hesabat-seçki konfransında deyib.
O, Rio olimpiadasında Azərbaycan komandasının iki medal qazandığını xatırladıb: "Rövnəq Abdullayev 2012-ci il London olimpiadasındakı uğursuzluqdan sonra bu vəzifəyə seçilib. Bu il çox çətin şəraitdə keçirilən Tokiodakı Oyunlarda ilk medalı cüdoda qazandıq. Pandemiya şəraitində keçirilən olimpiadaya hazırlıq çox çətin şəraitdə baş tutub. Rövnəq Abdullayevə uğurlar arzulayıram".
Hüseynzadə həmçinin yeni rəhbərliyi də təbrik edib: "Sizin fəaliyyətiniz elə də asan olmayacaq, böyük əziyyət çəkməli olacaqsınız. İdmanda yeni deyilsiniz. Vaxtilə "Rabitə" idman klubunda boks və voleybolçuların yetişdirilməsi ilə məşğul olmusunuz. Rövnəq müəllimin uğurlarını təkrarlamaq asan olmayacaq. Sizə 2024-cü ildəki Paris olimpiadasında uğurlar arzulayıram".