"Böyük Dəbilqə"nin qalibi olan Ömər Rəcəbli: "Hədəflərimiz çox böyükdür"

Fərdi
  • 02 mart, 2026
  • 13:32
Böyük Dəbilqənin qalibi olan Ömər Rəcəbli: Hədəflərimiz çox böyükdür

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində yeddi medal qazanan Azərbaycan cüdoçularının hədəfləri çox böyükdür.

Yarışda qızıl mükafata sahib çıxan milli üzvü Ömər Rəcəbli (81 kq) bu barədə "Report"a açıqlama verib.

22 yaşlı idmançı qarşıdakı yarışlarda da uğurlu çıxış etmək istədiklərini söyləyib:

"Hədəflərimiz çox böyükdür. Bakıda dünya çempionatı keçiriləcək. Bundan da yaxşı nəticələrə nail olmağa çalışacağıq".

Ö.Rəcəbli Daşkənddəki "Böyük Dəbilqə" turnirinin ilin ən çətin yarışlarından hesab edildiyini deyib:

"Yaponiya, Gürcüstan, Asiya və Avropa ölkələri turnirə qatılmışdı. Buna baxmayaraq qızıl medal qazana bildim. Çıxış etdiyim çəkidə də rəqabət yüksək oldu. Azərbaycan Cüdo Federasiyasına, ailəmə təşəkkür edirəm. Onlar həmişə yanımdadır. Mənə motivasiya verirlər".

Xatırladaq ki, Ömər Rəcəbli ilə birlikdə Əhməd Yusifov (60 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) "Böyük Dəbilqə"də qızıl medal qazanıb. Balabəy Ağayev (60 kq) gümüş Zelim Kotsoyev (100 kq) və Camal Qamzatxanov (+100 kq) isə bürünc mükafatla kifayətləniblər. 4 qızıl, 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 7 medal qazanan Azərbaycan cüdoçuları komanda hesabında ikinci, kişilərin mübarizəsində isə birinci yeri tutub.

Son xəbərlər

Bütün Xəbər Lenti