Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) öz işinə başlayıb.
“Report” xəbər verir ki, konfransda 124 ölkədən və beynəlxalq təşkilatlardan 50-dən çox nazir və yüksək vəzifəli məmur, eləcə də 540-dan çox nümayəndə iştirak edir.
Konfransın əvvəlində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos açılış nitqi ilə çıxış edəcəklər.
Konfransın ilk günündə sessiyalar gender bərabərliyi, Afrika və idmanda gənclərin hüquq və imkanlarının genişləndirilməsi kimi mövzuları əhatə edəcək.
Müzakirə iştirakçıları idmanın bu sahələrə təsiri ilə bağlı uğur hekayələrini və qabaqcıl təcrübələr, həmçinin idmanın nəticələrindən faydalanmaq və daha böyük inkişafa nail olmaq üçün həll edilməli olan problemlər barədə fikir mübadiləsi aparacaqlar.
Konfrans iyunun 29-dək davam edəcək.
Qeyd edək ki, konfransın yekunlarına əsasən, UNESCO-nun idman təşəbbüsü olan eyniadlı layihənin davamı olaraq “Fit for Life” tərəfdaşlıq sənədi qəbul ediləcək. Layihənin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yaxşılaşdırılması, COVID-19 pandemiyasının mənfi təsirlərinin aradan qaldırılması və fiziki passivliyin azaldılması siyasətinin hazırlanmasıdır.