Bakıda Cüdo Klubunun açılış mərasimi keçirilib

Bakıda Cüdo Klubunun açılış mərasimi keçirilib Bakı Olimpiya və Paralimpiya Cüdo Klubunun açılış mərasimi keçirilib
Fərdi
23 Noyabr , 2021 12:31
Bakıda Cüdo Klubunun açılış mərasimi keçirilib

Bakıda Olimpiya və Paralimpiya Cüdo Klubunun açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbirdə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, qurumun vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli və digər şəxslər iştirak ediblər.

Açılışı bildirən lent kəsimi ilə başlanan tədbir Dövlət Himninin səsləndirilməsi ilə davam etdirilib. Çıxış edənlər idman zalının ərsəyə gəlməsində London-2012 Yay Paralimpiya Oyunlarının qalibi, hazırda paracüdoçu qadınlardan ibarət Azərbaycan milli komandasında baş məşqçi kimi çalışan Ramin İbrahimovun rolunu vurğulayıblar.

Bütün cüdo ailəsini təbrik edən İ.Rəhimov bildirib ki, belə gözəl, səliqəli, möhtəşəm avadanlıqlar və lazım olan əşyalarla təchiz olunmuş zalın açılması Azərbaycanda idmanın və cüdonun inkişafını göstərir. Onun fikrincə, ölkə ərazisində belə zallar nə qədər çox olsa, daha çox şəxs idmana cəlb olunar və gənclər də idmanla məşğul olar:

"Onların arasından olimpiya və paralimpiya çempionları da çıxacaq. Belə zalı ərsəyə gətirdiyi üçün paralimpiya çempionumuz Ramin İbrahimova təşəkkür edirəm. Tokio-2020 Yay Paralimpiya Oyunlarından sonra yeni tskıl başlayır. Bütün hədəflərimiz 2024-cü ildəki paralimpiadaya yönəlib. Bu gün Azərbaycanın bütün ictimaiyyətinin məqsədi yığma komandaları həmin il Yay Olimpiya və Paralimpiya Oyunlarında ölkəni layiqincə təmsil etməyə yönəlib. Bunun üçün Gənclər və İdman Nazirliyi, federasiyalar, Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi lazımi işləri görür. Burada bizimlə bərabər Azərbaycan Cüdo Federasiyasının nümayəndələri də iştirak edirlər. Bu, onu göstərir ki, ölkəmizdə olimpiya və paralimpiya idmanı sıx əlaqədədir".

Öz növbəsində R.İbrahimov Cüdo Klubunda olimpiyaçı və paralimpiyaçıların məşq edə biləcəklərini söyləyib: "Qadınlardan ibarət paralimpiya komandamız məşqlərini burada keçirəcək. Mən bu klubun yaranmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimova, hamımızın sevilmisi Sadıq Sadıqova, Azərbaycan Cüdo Federasiyasının yeni rəhbərliyinə təşəkkür edirəm. İnanırıq ki, buradan yaxşı idmançılar çıxacaq".

Daha sonra idman qurğusu ilə tanışlıq başlayıb.

Bakı Olimpiya və Paralimpiya Cüdo Klubunda paralimpiyaçılarla yanaşı, olimpiyaçılar, fiziki məhdudiyyətli gənclər və uşaqlar da məşq edə biləcəklər.

Son xəbərlər

Orphus sistemi