Bakı. 9 iyun. REPORT.AZ/ Qadın güləşi üzrə Azərbaycan yığma komandasının üzvləri XXXI Yay Olimpiya Oyunlarına hazırlıq planı üzrə növbəti təlim-məşq toplanışı üçün Ukraynaya yollanıb. "Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 17-dək Ukraynanın Konça-Zaspa təlim-məşq bazasında hazırlıq keçəcək yığmanın heyətində 6 güləşçi yer alıb.
Toplanışa baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç, Alyona Kolesnik (hamısı 58 kq) və Tatyana Omelçenko (60 kq) qatılıb. Toplanışı başa vurduqdan sonra onlar Polşanın Spala şəhərində Zialkovski və Petlasinskinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə qüvvələrini sınayacaq.
Bir müddət əvvəl qadın güləşçilər Bolqarıstanın Belmeken təlim-məşq bazasında Türkiyə, Belarus, Fransa, Rumıniya və Macarıstan yığmasının üzvləri ilə birgə hazırlıq keçib.
Qeyd edək ki, 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı 14 güləşçi (sərbəst 6, yunan-Roma 5, qadın 3) təmsil edəcək. Yarışlar 14 - 21 avqustda baş tutacaq.