Azərbaycanın dünya çempionu: “İstərdim nəticələr idman tariximizdə yenidən təkrarlansın”

Azərbaycanın dünya çempionu: “İstərdim nəticələr idman tariximizdə yenidən təkrarlansın” “Nəticədən bəlli olduğu kimi, yarış mənim, eyni zamanda komandamız üçün uğurlu keçdi. Sevindirici haldır ki, 3 ildən sonra dünya çempionatında yenidən qızıl medal qazandıq"
Fərdi
12 Oktyabr , 2021 08:09
Azərbaycanın dünya çempionu: “İstərdim nəticələr idman tariximizdə yenidən təkrarlansın”
Rafiq Hüseynov

“Nəticədən bəlli olduğu kimi, yarış mənim, eyni zamanda komandamız üçün uğurlu keçdi. Sevindirici haldır ki, 3 ildən sonra dünya çempionatında yenidən qızıl medal qazandıq. Bundan əlavə, yığmamız ümumi komanda hesabında üçüncü yerə layiq görüldü. Rusiya, İran və Azərbaycan komandalarının üzvləri fəxri kürsüyə qalxdılar. Bu ölkələrlə birlikdə Azərbaycan komandasının da fəxri kürsüdə yer alması böyük nailiyyətdir”.

“Report” xəbər verir ki, bu sözləri Norveçin paytaxtı Oslodakı dünya çempionatında 82 kq çəki dərəcəsində qızıl medal qazanmış Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov deyib.

33 yaşlı pəhləvan medal qazanan komanda yoldaşlarını təbrik edib, məşqçilər, həkim heyətinə təşəkkürünü bildirib: "Böyük nəticələrlə qayıtdıq. Əlbəttə, həm sevindirici, həm də üzücü hallar oldu. Dünya çempionatından mənimlə birlikdə medalla qayıdan komanda yoldaşlarımı təbrik edir, mükafatçı ola bilməyənlərə isə gələcək yarışlarda daha yaxşı çıxış edərək, uğurlar qazanmalarını arzulayıram. İstərdim ki, belə nailiyyətlər Azərbaycan idmanında yenidən təkrarlansın. Heç bir yerdə vurğulanmasa da, bunu deməliyəm: Bizim olimpiya kateqoriyalı hakimimiz Asif Şirəliyev də dünya çempionatında iştirak edirdi. Qürurvericidir ki, o, iki final görüşünü idarə etdi”.

Hüseynov əvvəllər də beynəlxalq yarışlarda müxtəlif nəticələr əldə etdiyini xatırladıb. Amma onun sözlərinə görə, böyük nəticələri 30 yaşından sonra qazanıb: "Təbii ki, 30 yaşımadək də nəticələrim olub. Amma mən səbr edirəm. Sevdiyim işlə məşğul olduğumdan, bu, mənim üçün ağır deyil, əksinə mənə uğur gətirir. Özüm 2011-ci ildə Avropa çempionu, 2017-ci ildə Avropa üçüncüsü olmuşam. Eləcə də digər yarışlarda - Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarında müxtəlif nəticələr əldə etmişəm. Zənnimcə, hər hansı insan sevdiyi işlə məşğul olursa, bu, ona uğur gətirəcək”.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb və komanda hesabında dünya üçüncüsü olub. Rusiya (152) birinci, İran (146) isə ikinci pillədə qərarlaşıb.

Yarışda bütün rəqiblərini məğlub edən Rafiq Hüseynov (82 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) isə bürünc medal qazanıblar.

Son xəbərlər

Orphus sistemi