Azərbaycanın daha iki güləşçisi dünya çempionatında bürünc medal qazana bilər

Fərdi
  • 18 avqust, 2025
  • 22:16
Azərbaycanın daha iki güləşçisi dünya çempionatında bürünc medal qazana bilər

Azərbaycanın 2 sərbəst güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazana bilər.

"Report" xəbər verir ki, ikinci yarış günündə Vasif Bağırov (57 kq) braziliyalı Kayo Arona 6:1 hesabıyla qalib gələrək 1/4 finala yüksəlsə də, hindistanlı Sumit Maliklə bacarmayıb – 2:9.

Rəqib finala yüksəldiyi üçün Vasif sabah təsəlliverici görüşə çıxacaq.

Anar Cəfərli (92 kq) ilk mərhələdə türkmənistanlı Orazmuhammet Hocaliyevi minimal fərqlə (3:2) üstələyib. Həmyerlimiz daha sonra həm belaruslu Aleksey Kulakova, həm də hindistanlı Saçin Saçinə 10:0 hesabıyla qalib gələrək adını yarımfinala yazdırıb. Anar yarımfinalda qazaxıstanlı Kamil Kuruqliyevə 6:9 hesabıyla məğlub olduğu üçün sabah bürünc medal uğrunda güləşəcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərimizdən Nurlan Ağazadə (70 kq) və Yusuf Dursunov (125 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.