Azərbaycanın dağ xizəkçisi: "Olimpiadaya vəsiqə üçün hər şeyi edəcəyəm”

Azərbaycanın dağ xizəkçisi: "Olimpiadaya vəsiqə üçün hər şeyi edəcəyəm” "Bəli, ölkəniz haqqında bilirdim. Anam mənə bəzi məlumatları vermişdi. Çünki uzun müddət öncə onun özünə ağırlıqqaldırma üzrə Azərbaycan millisində masajçı işləmək təklif olunmuşdu"
Fərdi
10 Yanvar , 2022 12:27
Azərbaycanın dağ xizəkçisi: Olimpiadaya vəsiqə üçün hər şeyi edəcəyəm”

Azərbaycan Pekin-2022 Qış Olimpiya Oyunlarında daha bir idmançı təmsil oluna bilər. Bolqarıstan əsilli dağ xizəkçisi İlya Kostovun nüfuzlu yarışa vəsiqə qazanmaq şansı var. Bunun üçün o, Fransa və İtaliyada keçiriləcək turnirlərdə yüksək xallar toplamalıdır.

Kostov “Report”a müsahibəsində həm Azərbaycanı seçməsindən, həm də olimpiadaya düşmə şanslarından söz açıb.

- Əvvəlcə özünüz haqqında məlumat verərdiniz…

- 17 yaşım var, Bolqarıstan vətəndaşıyam. Azərbaycandan təklif gələnədək İtaliyanın “Aosta” klubunda çıxış edirdim.

- Nə vaxtdan Azərbaycan bayrağı altında yarışırsınız və ümumiyyətlə, bu necə baş verdi?

- Rəsmi tarixləri bilmədiyim və sənədlər barədə elə də məlumatlı olmadığım üçün sizə çox şey deyə bilmərəm. Amma bacardığım qədər məlumat verməyə çalışacağam. Cari xizək mövsümündən əvvəl Bakıya gəldim və lazım olan bütün sənədlərə qol çəkdim. Azərbaycan pasportunu aldıqdan sonra bütün yarışlara ölkənizin bayrağı altında qatılmağa başladım.

- Artıq Azərbaycanda olmusunuz. Təəssüratlarınız necədir və bura gələnədək hər hansı məlumatınız var idi?

- Bəli, ölkəniz haqqında bilirdim. Anam mənə bəzi məlumatları vermişdi. Çünki uzun müddət öncə onun özünə ağırlıqqaldırma üzrə Azərbaycan millisində masajçı işləmək təklif olunmuşdu. Açığı, detalları tam dəqiq bilmirəm. Çünki bu təklif uzun illər öncə olub. Bakıya ilk dəfə gələndə şəhərin böyüklüyü və gözəlliyi məni valeh etmişdi. Hazırda bütün fikrimi qarşıdakı yarışlara yönəltmişəm. Bunlar mənim üçün çox önəmlidir.

- İndiyədək bu idman növündə hər hansı ciddi uğurunuz olub?

- Sizə daha çox informasiya vermək istərdim, amma hazırda boş vaxtım yoxdur. Sadəcə, onu deyə bilərəm ki, qarşıdakı turnirlərə olduqca ciddi hazırlaşıram.

- Məşqçiniz Martin Fornari “Report”a açıqlamasında deyib ki, Pekin-2022 Qış Olimpiya Oyunlarına qatılmaq şansınız var. Bu barədə nə deyə bilərsiniz?

- İndiyədək hər yarışda əlimdən gələni etmişəm və hələlik işlər yaxşı gedir. Həmişə özümə inanmışam və olimpiadaya vəsiqə qazanmaq üçün mümkün olan hər şeyi edəcəyəm.

- Özünüzü olimpiadada iştirak etməyə hazır sayırsınız, yoxsa hələ çox gəncsiniz?

- Gənc olsam da, özümə inanıram. Amma təcrübə də vacibdir.

- Necə düşünürsünüz, Oyunlarda iştirak hüququ əldə etsəniz, Azərbaycana medal qazandıra bilərsiniz?

- Dediyim kimi, çətin olsa da, əlimdən gələni edəcəyəm. Çünki Olimpiya Oyunları kimi böyük yarışlarda çoxlu təcrübəm yoxdur.

Son xəbərlər

Orphus sistemi