Marneulidə qadınları nikaha məcbur etmək ittihamı ilə 3 nəfər saxlanılıb

Region
  • 20 oktyabr, 2026
  • 12:25
Marneulidə qadınları nikaha məcbur etmək ittihamı ilə 3 nəfər saxlanılıb

Gürcüstanın Marneuli bələdiyyəsində (azərbaycanlıların kompakt yaşadığı rayon - red.) ailə üzvlərini nikaha məcbur etmək və məişət zorakılığı ittihamları ilə üç nəfər saxlanılıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kvemo Kartli Polis İdarəsinin Marneuli Rayon Bölməsinin əməkdaşları iki ayrı cinayət işi üzrə əməliyyat keçiriblər.

İstintaqın versiyasına görə, saxlanılan şəxslər cinslər arasında bərabərliyə qarşı dözümsüzlük zəminində, yetkinlik yaşına çatmayanlar da daxil olmaqla, öz övladlarını yaşadıqları kənddən olan kişilərlə iradələri xaricində nikaha daxil olmağa məcbur ediblər.

Əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hər üç şübhəli saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11, 150 və 126-cı maddələri üzrə istintaq aparılır. Həmin maddələr dörd ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

44 - Tezliklə