Azərbaycanın Avropa çempionu: "Çəkim az olsa da, hədəfim qızıl medal idi"
- 16 mart, 2023
- 18:55
"Çəkim rəqiblərlə müqayisədə az olsa da, özümə çox inanırdım. Bu vəziyyətdə rəqiblərlə güləşmək çox çətin idi".
"Report"un məlumatına görə, bunu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanmış Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.
97 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı çəkisinin az olmasına baxmayaraq, yarışa çempionluq hədəfi ilə yollandığını bildirib: "Çox yaxşı hazırlaşmışdım. Şükürlər olsun, istəyimə nail oldum. Bundan sonra 97 kq-da çıxış edəcəyəm. Öz üzərimdə işləyəcəyəm. Çəkimi artırıb, tam olaraq 97 kq-a uyğunlaşmaq istəyirəm".
Qeyd edək ki, Murad Əhmədiyev turnirin finalında macarıstanlı Aleks Şokeyə tam üstünlüklə qalib gələrək Avropa çempionu olub.