Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF), Gürcüstan Şahmat Federasiyası (GŞF) eləcə də SOCAR-ın təşkilatçılığı ilə internet üzərindən blits şahmat üzrə beynəlxalq İpək Yolu Kuboku keçiriləcək.
AŞF-dən "Report"a verilən məlumata görə, turnir Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə 26 mayda Gürcüstanda Müstəqillik gününə, 28 mayda isə Azərbaycanda Respublika gününə həsr ediləcək.
Yarışın keçirilməsində əsas məqsəd Azərbaycan və Gürcüstanda bayram günlərində iki ölkə arasında idman əlaqələrinin inkişafı, pandemiya dövründə şahmatçıların oyun praktikasının saxlanılması eləcə də şahmatın təbliği ilə bağlıdır.
Yarış
Yarışın ümumi mükafat fondu 20 min avro təşkil edir. Turnirdə mübarizə aparacaq bütün şahmatçılar göstərdikləri nəticəyə müvafiq olaraq pul mükafatı qazanacaq. İsveçrə sistemi üzrə təşkil olunacaq yarış 15 turdan ibarət olacaq.
Nəzarət vaxtı hər bir şahmatçıya oyunun sonuna qədər 3 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün iki saniyə əlavə olmaqla müəyyən edilir. 1 - 7 turlar mayın 26-da saat 15:00-da, 8-15 turlar mayın 28-də 18:00-da başlayacaq.