“İdman filmlərinin inkişafı bizim üçün çox vacibdir”.
“Report”un məlumatına görə, bunu “İdman Filmləri və Milli Televiziya Festivalı”nın münsiflər heyətinin üzvü, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor və ssenarist Oleq Səfərəliyev mətbuat konfransında deyib.
O, Milli Olimpiya Komitəsinin inzibati binasında baş tutan tədbirdə festivalın ənənəvi hal almasına sevindiyini bildirib: “İnanıram ki, bu festival hər il keçiriləcək və ildən-ilə böyük nailiyyətlər görəcəyik. Milli Olimpiya Komitəsi idmanın inkişafına böyük yer verir. Bu il bədii cəhətdən daha maraqlı layihələr görəcəyimizə inanıram. Layihələr hələ qəbul olunma mərhələsindədir”.
“Bakılı oğlanlar” komandasının, “İdman Filmləri və Milli Televiziya Festivalı”nın münsiflər heyətinin üzvü, rejissor və prodüser Ənvər Mansurov şirkətlərə müraciət edib. O, qurumlardan istedadların üzə çıxarılması üçün dəstək olmalarını istəyib: “İdmançılar illərlə əziyyət çəkirlər. Festival da bu baxımdan böyük önəm kəsb edir. İnsanlar filmlərdə, verilişlərdə idmançılarımızın necə əziyyət çəkdiklərini görməlidirlər. Hamımız əl-ələ verərək bu festivalı ən yaxşı şəkildə göstərək ki, bunu daha sonra beynəlxalq arenada təqdim edək”.
“Vətən” Uşaq Yaradıcılıq Mərkəzinin təsisçisi, “İdman Filmləri və Milli Televiziya Festivalı”nın münsiflər heyətinin üzvü Zəhra Quliyeva iki il əvvəlki festivala iştirakçı kimi qatıldığını xatırladıb: “Bu layihə şəffaf şəkildə keçirilir. Bunun cəmiyyətə yararlı olduğuna əminəm. Qalib Azərbaycanın yeniyetmələri sağlam həyat yaşamalıdırlar. İdman sahəsində uşaqlara, gənclərə təkan olmalıdır. Beynəlxalq arenalarda titullar qazanan idmançıların zəfərə gedən yollarını təqdim etmək önəmlidir".