Azərbaycan gimnastlarının 2023-cü il üçün reytinq siyahısı açıqlanıb

Azərbaycan gimnastlarının 2023-cü il üçün reytinq siyahısı açıqlanıb Zöhrə Ağamirova birinci olub
Fərdi
28 Dekabr , 2023 14:07
Azərbaycan gimnastlarının 2023-cü il üçün reytinq siyahısı açıqlanıb

Azərbaycan Gimnastika Federasiyası 2023-cü ilin yekunlarına əsasən ilin ən yaxşılarının adlarını açıqlayıb.

Qurumdan "Report"a verilən məlumata görə, reytinq sıralamasının birinci pilləsində Avropa çempionatının bürünc mükafatçısı, Yay Universiadasının dördqat gümüş və bürünc medalçısı, Paris 2024 Yay Olimpiya Oyunlarına lisenziyanın sahibi Zöhrə Ağamirova yer alıb.

İkinci yerdə dünya çempionatının bürünc, Avropa çempionatının qızıl və üçqat bürünc, V İslam Həmrəyliyi Oyunlarının ikiqat qızıl və gümüş mükafatçısı olan Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız qərarlaşıb.

Dünya çempionatının üçqat bürünc medalçıları olan Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri komandası 3-cü pillədədir.

V İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı, Dünya Kubokunun qalibi, kişi idman gimnastı Nikita Simonov 4-cü yeri tutub.

Dünya çempionatının gümüş, Avropa çempionatının üçqat qızıl medalçıları, akrobatika gimnastikası üzrə qarışıq cütlük Ağasif Rəhimov və Raziyə Seyidli 5-ci olub.

İkiqat dünya çempionu Mixail Malkin (tamblinq) 6-cı pillədə yer alıb. Dünya çempionatının ikiqat bürünc, Avropa çempionatının üçqat qızıl medalçıları, akrobatika gimnastikası üzrə kişi cütlüyü Daniel Abbasov və Murad Rəfiyev 7-ci pillədə qərarlaşıb.

Qadın idman gimnastı Nazənin Teymurova reytinq sıralamasında səkkizincidir.

Dünya çempionatının komanda hesabında qalibləri olan tamblinqçilər Adil Hacızadə və Tofiq Əliyev isə müvafiq olaraq 9-cu və 10-cu pillələrdə qərarlaşıblar.

Son xəbərlər

Orphus sistemi