Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb Bakıda cüdo üzrə Böyük Dəbilqəyə start verilib.
Fərdi
5 Noyabr , 2021 19:05
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb

Azərbaycanın qadın cüdoçusu İçinxorlu Muntsxedev Bakıda keçirilən Böyük Dəbilqədə final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 57 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda yaponiyalı Momo Tamaoki ilə qarşılaşıb.

Rəqibinə ipponla uduzan Muntsxedev gümüş medalla kifayətlənib. Bu, cüdoçunun Böyük Dəbilqə yarışlarında ilk medalı olub.

Beləliklə, Azərbaycan cüdoçuları ilk yarış gününü 3 medalla başa vurub.

18:39

Azərbaycan cüdoçusu Orxan Səfərov Bakıda keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 66 kq-da çıxış edən idmançı finalda moldovalı Denis Vieruya ipponla qalib gələrək çempion olub.

17:27

Azərbaycan cüdoçusu Rövşən Əliyev Bakıda keçirilən Böyük Dəbilqədə bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 60 kq-da mübarizə aparan idmançı monqolustanlı Sumiyabazar Enktaivanla qarşılaşıb.

Rəqibinə cərimə xalları hesabına qalib gələn Əliyev Azərbaycan yığmasına yarışın ilk medalını qazandırıb. Onunla eyni çəkidə çıxış edən Əhməd Yusifov isə yaponiyalı Hayato Kondoya məğlub olaraq 5-ci yeri tutub.

48 kq-da yarışan qadın cüdoçu Şəfəq Həmidova bürünc medal uğrunda qarşılaşmada israilli Şira Rişoniyə uduzub.

14:37

Azərbaycanın 13 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, kişilərin yarışında 60 kq-da Balabəy Ağayev startda rusiyalı Damir Meremova qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Jaba Papinaşviliyə uduzub. Ağayev təsəlliverici görüşdə digər Azərbaycan təmsilçisi Əhməd Yusifovla qarşılaşıb. Görüşdən qalib ayrılan Yusifov bürünc medal uğrunda yaponiyalı Hayato Kondo ilə güləşəcək. Bu çəkidəki digər cüdoçu Turan Bayramov startda məhz Kondoya uduzaraq mübarizəni dayandırıb. Rövşən Əliyev isə 3-cü yer uğrunda monqolustanlı Sumiyabazar Enktaivanla qüvvəsini sınayacaq.

66 kq-da Orxan Səfərov ardıcıl olaraq, qazaxıstanlı Baybol Uulu Salamat və Erik Takabatakeyə qalib gələrək yarımfinala yüksəlib. Bu raundda ukraynalı Yevgeni Qonçarkonu məğlub edən 30 yaşlı idmançı finala vəsiqə qazanıb. Onun qızıl medal uğrunda rəqibi moldovalı Denis Vieru olacaq.

Qadınların mübarizəsində isə 57 kq-dakı İçinxorlu Muntsxedev finala çıxıb. O, həlledici qarşılaşmada yaponiyalı Momo Tamaoki ilə üz-üzə gələcək.

48 kq-da yarışan Şəfəq Həmidova bürünc medal görüşündə israilli Şira Rişoni ilə münasibətlərinə aydınlıq gətirəcək. 

12:19

Bakıda cüdo üzrə Böyük Dəbilqəyə start verilib.

"Report"un məlumatına görə, yarışda ümumilikdə 29 ölkədən 196 cüdoçu (129 kişi, 67 qadın) çıxış edir. Görüşlər Heydər Əliyev adına İdman Kompleksində keçirilir.

Bu gün Azərbaycanın 13 cüdoçusu mübarizə aparacaq. 2 çəki dərəcəsində kişilər, 3 çəki dərəcəsində isə qadınlar qüvvəsini sınayacaq.

Kişilər

60 kq

1/8 final. Balabəy Ağayev - Damir Meremov (Rusiya)

1/8 final. Rövşən Əliyev - Dilşot Xalmatov (Ukrayna)

1/8 final. Əhməd Yusifov - Ariunbold Enxtayvan (Monqolustan)

1/8 final. Turan Bayramov - Hayato Kondo (Yaponiya)

66 kq

1/16 final. İbrahim Əliyev - Yuji Aida (Yaponiya)

1/16 final. Tofiq Məmmədov - Danilo Xlopetski (Ukrayna)

1/8 final. İsmayıl İbrahimov - Baqrati Niniaşvili (Gürcüstan)

1/8 final. Orxan Səfərov - Baybol Uulu Salamat (Qırğızıstan)

Qadınlar

48 kq

1/8 final. Şəfəq Həmidova - Rafaela Batista (Braziliya)

1/4 final. Aişə Qurbanlı - Katarina Tanzer (Avstriya)

52 kq

1/8 final. Zeynəb Məmmədova - Annika Vurfel (Almaniya)

1/8 final. Ülviyyə Bayramova - Anastasiya Polikatpova (Rusiya)

57 kq

1/8 final. İçinxorlu Muntsxedev - Rafaela Silva (Braziliya)

Son xəbərlər

Orphus sistemi