Badminton üzrə “Azerbaijan International 2019” turnirində 5 kateqoriyada qaliblər bəlli olub.
"Report" xəbər verir ki, kişilərin şəxsi yarışında finalda isveçli Feliks Burestedtə 2:0 (21-13, 21-12) hesabı ilə qalib gələn Danimarka təmsilçisi Rasmus Gemke turnirin qalibi adını qazanıb.
Qadınların şəxsi mübarizəsində isə ən güclü tailandlı Pittayaporn Çaivan olub. O, həlledici görüşdə Belçika təmsilçisi Lian Tan üzərində 2:0 (21-15, 21-16) hesablı qələbəyə sevinib.
Qarışıq qoşa yarışlarında fransalı Tom Jikel-Delfin Delru tandemi alman Mark Lamsfuss-İzabel Hertriç cütündən güclü olub - 2:1 (9-21, 23-21, 21-15).
Qadınların qoşa yarışında ingiltərəli Kloe Börç-Lauren Smit cütü Rusiya idmançıları Yekatirina Bolotova ilə Alina Davletovaya qalib gəliblər - 2:0 (21-18, 21-12).
“Azerbaijan International 2019”a kişilərin qoşa yarışı ilə yekun vurulub. Bu kateqoriya üzrə həlledici görüşdə İngiltərə badmintonçuları Markus Ellis - Kris Lanqric cütü almaniyalı Mark Lamsfuss - Marvin Seidel cütünə 0:2 (17-21, 21-23) hesabı ilə uduzub.
Mükafatlandırma mərasimində
Qeyd edək ki, ümumi mükafat fondu 25 min ABŞ dollar olan “Azerbaijan International 2019” turnirində 39 ölkədən 248 idmançı yarışın medalları uğrunda mübarizə aparıb. Bu, "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran “International Challenge” kateqoriyalı yarışlar üçün rekord göstəricidir.