Azad Rəhimov: "Bədən Tərbiyəsi və İdman Akademiyası ölkə idmanının inkişafına böyük töhfə verib"

Azad Rəhimov: "Bədən Tərbiyəsi və İdman Akademiyası ölkə idmanının inkişafına böyük töhfə verib" Çingiz Hüseynzadə: "İlham Əliyev məhz bu akademiyanın akt zalında MOK prezidenti seçilib"
Fərdi
21 Oktyabr , 2015 12:17
Azad Rəhimov: Bədən Tərbiyəsi və İdman Akademiyası ölkə idmanının inkişafına böyük töhfə verib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yaranmasının 85 illik yubileyi münasibətilə tədbir keçirilib. "Report"un məlumatına görə, tədbirdə akademiyanın rektoru Ağacan Abıyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, akademiya və nazirliyin digər nümayəndələri iştirak edib.


Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edilib. Akademiyanın tarixindən danışan rektor A.Abıyev ümummilli lider Heydər Əliyevin gördüyü işlərdən söz açıb. O, bildirib ki, Azərbaycan idmançıları SSR dönəmində də uğurlar əldə ediblər: "Hər dəfə idmançılarımız uğur qazandıqda ulu öndərimiz onları qarşılayıb və nəticələrə görə mükafatlandırıb".

A.Abıyevin sözlərinə görə, Azərbaycanda idmanın inkişafı daha çox müstəqillik dönəmindən sonra başlayıb. Rektor Azərbaycan idmanının inkişafında göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib: "Çalışacağıq ki, bundan sonra da Azərbaycan idmançıları öz uğurları ilə ölkəmizi dünyaya tanıtsın və Azərbaycanın qüdrətli dövlət olduğunu nümayiş etdirsinlər".

Gənclər və idman naziri Azad Rəhimov bu günün idman ictimaiyyəti üçün əlamətdar olduğunu deyib. Nazir akademiyanın 85 illiyi münasibəti ilə təbriklərini bildirib: "Akademiya idmanın inkişafında böyük töhfə verib. İdmançılarımız nüfuzlu yarışlarda uğurlu nəticələr əldə edib və maddi-texniki baza genişləndirilib. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkənin idman təşkilatçılığına böyük yol açıb. Akademiyanın məzunları arasında olimpiya, dünya və Avropa çempionları da var. Bu çempionluqların qazanılmasında akademiyanın rolu danılmazdır. Azərbaycanda idman yarışlarında gələn fəxri qonaqlar akademiya ilə tanış olub və yaradılan şəraitdən razı qalıb. Azərbaycan idmanın inkişafında əvəzsiz rolu olan akademiyanın professor, müəllim və tələbə heyətinə uğurlar arzu edirəm".

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin məhz bu akademiyanın akt zalında komitə rəhbəri seçildiyini xatırladıb: "1997-ci ildə cənab İlham Əliyev məhz akademiyanın akt zalında MOK prezidenti seçildi. Bu isə Azərbaycan idmanına böyük təkan verdi. Bir il sonra Azərbaycan Olimpiya Akademiyası yarandı. Bilirsiniz ki, komitələrin nəzdində Olimpiya akademiyaları var. Avropa, dünya, olimpiya çempionu olmuş insanlar bu akademiyanın qapısından tələbə kimi daxil olur. çünki onlar burada tələbədirlər. Bu da bizim akademiyanın üstünlüyünü göstərir. Azərbaycan idmanının inkişafı üçün yeni nəsillərin, müəllimlərin yetişdirilməsi bu akademiyada davam etdiriləcək. Bu haqda müəyyən fikirlər var".

Təhsil nazirinin birinci müavini Firudin Qurbanov akademiyanın təhsil sahəsində gördüyü işlərdən danışıb: "Bədən tərbiyəsi və idmanın inkişafı üçün bu akademiyada çox işlər görülüb. Buranın üstünlüyü ondadır ki, həm elmi, həm də idman baxımından iş görülür. Dövlətimizin, ümummilli liderimizin dönəmində şərait yarandı ki, idmanı inkişaf etdirək. 1990-cı illərin əvvəlində bir tək idman kompleksi yox idi. Ancaq indi 36 olimpiya kompleksi fəaliyyət göstərir ki, onlar da ən müasir tələblərə cavab verir. Mən Təhsil Nazirliyi adından akademiyanın müəllim, professor və tələbələrini yubiley münasibətilə təbrik edirəm. Məhz bu təhsil ocağı gənclərin sağlamlığında mühüm əhəmiyyət kəsb edir".

Akademiyanın inkişaf yolundan danışan Azərbaycan Həmklarlar ittifaqı Konfederasiyasının nümayəndəsi Cəmilə Səttarova yubiley münasibətilə A.Abıyevə mükafat olaraq kubok təqdim edib. 

Daha sonra akademiyanın prorektorları - Qəhrəman Məmmədyarov, Nazim Məcidov, Dilqəm Quliyev, Yusif Babanlı və təhsil ocağının 32 nəfər müəllim heyəti plaketlərlə mükafatlındırılıb.

Tədbir akademiyanın Yaradıcılıq Birliyinin konsert proqramı ilə davam edib.

Son xəbərlər

Orphus sistemi