Aydın Süleymanlı: "Bu qələbəm Danimarkanın Avropa çempionluğuna bənzədi" - MÜSAHİBƏ

Aydın Süleymanlı: "Bu qələbəm Danimarkanın Avropa çempionluğuna bənzədi" - MÜSAHİBƏ Azərbaycanlı şahmatçı Aydın Süleymanlının "Report"a müsahibəsi
Fərdi
968
10 Aprel , 2021 15:26
Aydın Süleymanlı: Bu qələbəm Danimarkanın Avropa çempionluğuna bənzədi - MÜSAHİBƏ

Azərbaycanlı şahmatçı, yeniyetmələr arasında olimpiya, dünya və ikiqat Avropa çempionu Aydın Süleymanlının "Report"a müsahibəsi

"Yatanda şahmat qutusunu yastığımın altına qoyurdum"

- İstərdik ki, əvvəlcə özünüz barədə məlumat verərsiniz. Ailənizdə idmana maraq nə dərəcədə idi və nə vaxtdan şahmatla məşğul olursunuz?
- 2005-ci il martın 22-də Bakı şəhərində anadan olmuşam. Hazırda 249 saylı tam orta məktəbin X sinifində oxuyuram. Şahmat oynamağa 5 yaşımdan başlamışam. Marağım isə ilk dəfə bağçada yaranıb. Bağçada şahmat dərsləri keçirdilər və bu yarışda ikinci olmuşdum. Daha sonra valideynlərimdən mənə şahmat almalarını istədim. Onlar da aldılar. Sonra gördülər ki, yatanda şahmat qutusunu yastığımın altına qoyuram. Bu səbəbdən, məni şahmat dərnəyinə yazdırdılar.

- Yaxınlarınızdan kimdə bu idman növünə maraq olub?

- Əslində ailəmizdə şahmatçı yoxdur. Babalarımın hər ikisi alimdir. Onlardan biri universitetdə riyaziyyət, digəri isə fizika müəllimi olub. Az da olsa, şahmat oynaya bilirdilər. Biri rəhmətə gedib, digəri indi də riyaziyyat müəllimidir. Uşaq vaxtı babalarımla şahmat oynayırdım. Dayımla atam da şahmat oynaya bilirdi. Atam uşaqlıqda təqribən 1-2 ay şahmata gedib. O da bir az bilir.

- Hansı nailiyyətinizi ilk böyük uğur kimi dəyərləndirərdiniz?

- 2013-cü ildə ilk dəfə Avropa çempionatında çıxış etdim. 8 yaşadək şahmatçılar arasında qitə çempionu oldum.

- Bəs 2019-cu ildə yeniyetmələr arasında dünya çempionu olmağınızın karyeranızda hansı rolu var?

- Bu, karyeramda böyük uğur idi. Amma dediyim kimi, bundan əvvəl də 2013-cü ildə çempion olmuşdum. 2019-cu ildəki çempionluğum bu yaşda ilk uğur idi. Demək olar ki, hər şey bu yarışdan sonra başladı. Cəmi bir neçə yarışdan sonra Rusiyanın paytaxtı Moskvadakı beynəlxalq "Aeroflot Open"in qalibi oldum. Bu, ən nüfuzlu turnirlərdən hesab edilir. Əslində "Aeroflot Open"də oynaya bilməzdim, çünki o yarış üçün minimum 2500 reytinqə sahib olmalısan. Mənim reytinqim isə həmin vaxt 2430 olduğundan, oynamağıma icazə yox idi. Sağ olsun, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov. O, təşkilatçılardan xahiş etdi ki, məni yarışa buraxsınlar. Onların sayəsində bu turnirdə çıxış etdim və birinci oldum.

- Bu, bir növ 1992-ci ildə keçirilmiş futbol üzrə Avropa çempionatında Danimarkanın Serbiyanı əvəzləyərək, qızıl medal qazanmasına bənzədi...

- Bəli, çox oxşadı.

- Hazırda FIDE reytinqində neçənci yerdəsiniz?

- Klassik şahmatda 2520 xalla 617-ci pillədəyəm. “100-lüy”ə çatmaq üçün təxminən 2670 xalım olmalıdır. Yəni, çatmağıma çox var. Bundan ötrü ən azı 10-15 turnirdə oynamalı və hamısında yaxşı çıxış etməliyəm.

- Nəzərə alaq ki, sizdən öndəkilər də dayanmır və onlar da oynayırlar....

- Buna baxmayaraq, reytinqini azaldanlar da olur.

"İstəyirəm ki, Prezident məni dəfələrlə təbrik etsin"

- Ardıcıl uğurlar qazananda hansı hissləri keçirirdiniz?

- Dünya çempionatında yarışın qalibi ola biləcəyimə inanırdım. Amma Moskvadakı yarışda ağlımdan belə keçmirdi ki, birinci olum. 5-6 oyundan sonra artıq beynimdə düşünürdüm ki, birinci olacağam. Çıxışımı çox bəyəndim. Öz-özümə dedim ki, niyə də yox?! Bura qədər gəlmişəmsə, son turlarda qələbə qazanıb birinci ola bilərəm.

- Dünya çempionu olandan sonra Prezident İlham Əliyev sizi təbrik etdi. 14 yaşında ölkə başçısından təbrik almaq sizin üçün nə anlama gəlirdi?

- Təbii ki, böyük stimul idi. Prezidentin yarışlarımı izləməsi mənə daha çox motivasiya verdi ki, bundan da yaxşı çıxış edim və məni dəfələrlə təbrik etsin.

- Qələbələrdən sonra sizinlə daha kimlər maraqlandı və sponsorluq etmək istəyənlər oldumu?

- Sponsorum atamın işlədiyi "Veysəloğlu" Şirkətlər Qrupudur. 2013-cü ildən mənə maddi və mənəvi dəstək olurlar. İlk uğurumu da onların sayəsində qazandım. Yarışa "Veysəloğlu"nun köməyi ilə getmişdik. Sağ olsunlar, bu günədək də dəstəklərini əsirgəmirlər. Uğurlarımdan sonra isə kömək etmək istəyənlərin sayı artmışdı. Bir çoxları mənə dəstək olmaq istəyirdilər. Artıq mənə dövlətimiz kömək edir.

- Hansı formada köməklik göstərilir?

- Ən əsası, yarışlara getmək, müəllimlə məşğul olmaq və kompüter avadanlıqlarının olmasıdır. Bu günün şahmatında kompüter avadanlıqları çox önəmlidir. Kompüter nə qədər yaxşı olsa, hazırlaşmaq bir o qədər yaxşı alınır. Sağ olsunlar, dediyiklərimin hamısına kömək edirlər.

"Rauf Məmmədov məni çox istəyir, Teymur Rəcəbovu isə heç vaxt görməmişəm"

- 2007-ci ildə Meksikadakı turnir zamanı Teymur Rəcəbovun kompüterini oğurlamışdılar. Belə deyirlər ki, Rəcəbovun karyerasında uzunmüddətli enişə səbəb məhz bu hadisə olub. Ümumiyyətlə, kompüter şahmatçı üçün bu dərəcədə vacibdir?

- Çox önəmlidir. Kompüter itəndən sonra həmin yarış şahmatçı üçün bitmiş sayılır. Çünki o səviyyələrdə debütsüz oynamaq mümkün deyil. Hazırda isə bizim səviyyələrdə də qeyri-mümkündür. Bir-iki il əvvəl variant o qədər də önəmli deyildi. Amma artıq çox önəmlidir. Onların səviyyəsində isə debüt, variant kimi məsələlər vacibdir. Bunların hamısı da kompüterin içindədir. Kompüterin içində 2-3 illik əmək var. Şahmatçı bütün günü orada variantlara baxır, müxtəlif variantlar işləyib hazırlayır. Kompüter itəndən sonra isə bütün əziyyət hədər olur.

- Adətən, şahmatçı özü üçün debütləri neçənci gedişədək yazır?

- O, şahmatçıdan asılıdır. Sonsuz vəziyyət alına bilər. Onların hamısına baxmaq mümkün deyil. Amma çoxuna baxmaq olar. Elə şahmatçılar var ki, oyunun axırına kimi baxır və ev hazırlığı ilə qalib gəlirlər. Mən belə xoşlamıram. Təxminən 20 - 25 gedişədək baxıram. Bu, şahmatçıdan asılıdır. Reytinqlər artdıqca, gedişlərin sayı daha da artır. Teymur Rəcəbov səviyyəsində bəlkə də 40 - 50-dək gedişə baxırlar.

- 2020-ci il Beynəlxalq İpək Yolu Kubokunda Rauf Məmmədovu məğlub etdiniz. Artq özünüzdən böyük şahmatçılarla rəqabətə hazır olduğunuzu düşünürsünüz?

- Moskvadakı "Aeroflot Open" turnirində son turdakı rəqibim də Rauf Məmmədov idi.

- Aranızda razılaşma olmuşdu?

- Xeyr. Elə bir şey yox idi.

- Bəlkə sizi yeniyetmə şahmatçı kimi stimullaşdırmaq üçün heç-heçə etdi?

- Rauf Məmmədov məni çox istəyir, amma yəqin ki, özünü, özünün qalib olmasını daha çox istəyər. Oynadıq, yaxşı müdafiə olundum. Oyundan sonra dedi ki, riskə getmək istəmirdim. O, yekunda üçüncü yeri tutdu, amma riskə getsəydi və uduzsaydı, ilk “10-luq”da olmayacaqdı. Bu səbəbdən, heç-heçə etdi. Xallarımız eyni idi, yarışın əlavə əmsallarına görə mən birinci oldum. Əmsallar turnirdən-turnirə dəyişir. Burada elə idi ki, kim daha çox qara fiqurlarla oynayırsa, üstünlük ona verilir. Çünki şahmatda "ağlar"la oynayan tərəf daha üstün sayılır. "Ağlar" bir addım da olsa, oyunlarda "qaralar"dan üstün durumda olur. Həmin turnirdə qara firuqlarla çox oynamışdım deyə, birinci oldum. Elə əmsallar da var ki, oynadığın rəqiblərin topladığı xallardır. Mənim qalib gəldiyim şahmatçılar çox xal toplayıbsa, üstünlük mənə verilir.

- Rauf Məmmədovun sizi çox istədiyini bildirdiniz. O biri şahmatçıların sizə münasibəti necədir?

- Teymur Rəcəbovu indiyədək heç vaxt canlı görməmişəm, onunla görüşümüz olmayıb. Ən çox Rauf Məmmədovla yaxınam. Uşaqlıqdan mənə çoxlu dərslər keçib, tapşırıqlar verib.

- Onun yanında hazırlaşırdınız?

- Xeyr. Sadəcə, yarışlardan əvvəl mənə deyirdi ki, hansısa köməklik lazımdırsa, edim. Turnirdən əvvəl yolda olarkən belə, mənə tapşırıqlar verir ki, daha yaxşı çıxış edim.

- Şəhriyar Məmmədyarov necə, sizinlə ünsiyyət qurubmu? Teymur Rəcəbova nisbətən sadə insan təsiri bağışlayır...

- Çoxları elə deyir. Heç birini çox da yaxından tenımıram deyə, nə isə deyə bilməyəcəyəm. Düşünürəm ki, ikisi də çox sadə insandır. Ümumiyyətlə, Azərbaycan şahmatçılarının çoxu sadədir. Rəcəbovu yaxından tanımıram. Səhv etmirəmsə, burada yaşamır.

"Azərbaycanda şahmata maraq futboldan xeyli azdır"

- Bəzi şahmatçılar turnirlərdə bilərəkdən bir-biri ilə heç-heçə edirlər. Siz də belə razılaşmalara getmisinizmi və ümumiyyətlə, bu cür hallara münasibətiniz necədir?

- Blits və rapid növündə bərabərliklərim olub. Məsələn, adi yarışlarda 1-2 dəfə dostumla heç-heçə oynamışam. Klassik turnirlərdə isə belə hal olmayıb, edənlərə də normal baxıram. Biri var bilərəkdən uduzsun, bu, başqa məsələ. Amma heç-heçəyə normal baxıram. Klassik turnirdə bilərəkdən heç-heçəyə razılaşmamışam. Adi, sıradan turnirdə olub. Kimsə edirsə, ona pis baxmıram. Dostudur deyə, ona xal verirsə, təbii ki, pisdir.

- Məsələn futbolda iki komanda oynayır və bilərəkdən xal verilir. Bunu normal sayırsınız?

- Futbol başqadır.

- Azarkeş marağını nəzərə alırıqsa, onlar daha maraqlı qarşılaşma istəyir...

- Fikrimcə, eyni deyil. Məndə də bəzən elə olub ki, oynayıram və görürəm ki, başqaları görüş başlayan kimi heç-heçə ediblər. Artıq turnirin sonlarına yaxın hiss edirsən ki, yer tuta bilməyəcəksən və heç-heçəyə razılaşırsan. Belə hallar çox vaxt son oyunlarda olur. Bilirəm ki, qələbə qazansam belə, yenə yer tutmayacağam. Onlar 8 oyun əziyyət çəkib bura gəliblərsə, 9-cuda heç-heçə etməkdə günahları yoxdur. Həmin vaxt günahı özümdə görürəm. Sonuncu turda heç-heçəyə razılaşıblar deyə, onlarda günah görmürəm.

- "Report" agentliyi Maqnus Karlsenin təşkil etdiyi turnirin iki mərhələsini canlı yayımladı. İkinci mərhələnin qalibi Teymur Rəcəbov üçüncü mərhələdə üçüncü yeri tutdu. Dördüncü mərhələdə isə Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov uğursuz çıxış etdilər. Həmin vaxt Rəcəbovla Məmmədyarovun görüşü tez bitdi və bu səbəbdən, tamaşaçı marağı az oldu...

- Şahmata baxanların sayı azdır.

- Sizcə, marağın azlığının bir səbəbi də belə heç-heçələr deyil?

- Hamının futboldan az-çox başı çıxır. Şahmat futboldan daha çətindir. Pis də olsa, futbolu hamı oynaya bilir. Əslində şahmatı da bir neçə günə öyrənmək olar.

- Sizcə, şahmat Azərbaycanda məşhurluğuna görə ikinci yerdə deyil?

- Yəqin ki, elədir. Amma maraq baxımından, birinci ilə ikinci arasında fərq çoxdur. Məsələn, şahmatçı oturur yarım saat fikiləşir. Futbolda elə deyil axı... Hər saniyədə nə isə dəyişir. Temp olaraq şahmat yavaşdır deyə, sevilmir. Burada düşünmək lazımdır.

- Düşünəcək deyə, oyunun 7-8 saat çəkməsi düzgündür? O zaman futbolçuya da oyun zamanı vaxt versinlər ki, düşünüb ötürmə etsin və ya qapıya zərbə vursun...

- Buna görə deyirəm ki, insanların şahmata marağı futbola nisbətən daha azdır. Futbol oyunları 90 dəqiqə davam edir, oyun əlavə vaxt və penaltilərə uzandıqda izləmək üçün ən çoxu 3 saatın gedir. Şahmatda isə dediyiniz kimi, 7-8 saatadək davam edən oyunlar olur.

"Heç-heçə etmək istəyən yenə edəcək"

- Bir yeniyetmə şahmatçı kimi bu növdə islahatlara ehtiyac olduğunu düşünürsünüzmü?

- Şahmatın blits və rapid növü çox maraqlıdır. Futbola da baxmağı çox sevirəm. Amma şahmatın blits və rapid növünə baxmaq daha maraqlı gəlir. Orada artıq 7 saat fikirləşmirlər. Hər şahmatçıya 3 dəqiqə vaxt verilir və hər gedişdə iki saniyə qazanırsan. Hamı tez-tez oynayır deyə, temp çox yüksək olur. Maksimum 10-15 dəqiqəyə görüş başa çatır. Baxmaq, izləmək də çox maraqlıdır. Amma klassik şahmata baxmaq o qədər də maraqlı deyil. Maqnus Karlsenin təşkil etdiyi turnir rapid idi. O da maraqlı sayılır və bir gedişdə 2-3 dəqiqədən çox fikirləşmirlər. Amma klassik şahmatı izləmək bir az maraqsızdır. Elə şahmatsevərlər var ki, "klassik"ə də baxmağı çox sevirlər. Şahmatçıların gedişlərini analiz edir, düşünürlər. Buna azarkeşlik edənlər də var.

- Məgər klassik şahmatda da maksimal müddət təyin etmək mümkün deyil?

- İnsanlar şahmata maraqla baxsınlar deyə, dəyişiklik olsa, oynayanlar üçün maraq azalacaq. Az fikirləşəndə ciddi oyun olmur.

"Oyunlara içib gələn və yatıb qalan məşhur şahmatçılar tanıyıram"

- Rauf Məmmədov bu yaxınlarda təklif etdi ki, şahmatdakı xallar futboldakı kimi olsun və qələbəyə 3, heç-heçəyə 1 xal verilsin. O zaman şahmatçılar da heç-heçələrdən qaçarlar və danışılmış oyunlar azalar. Bu ideyaya münasibətiniz necədir?

- Maraqlı təklifdir. Mənim üçün çox da fərqi olmayacaq. Elə də heç-heçə etmirəm. Oyun zamanı rəqibin bərabərlik təklif etməsi çox normaldır. Sən də razılaşırsan və oyun heç-heçə ilə yekunlaşır. Amma qələbəyə 3 xal, heç-heçəyə 1 xal verilsə belə, yenə razılaşdırıb bərabərə qalacaqlar.

- Axı bu, onların ümumi nəticəsinə mənfi təsir göstərəcək...

- Düzdür. Amma yenə də heç-heçə etmək istəyən, edəcək. Maraqlı təklifdir. Olsa, bəlkə də daha yaxşı olar.

- Digər növlərdə idmançılar yarışdan əvvəl dopinq testdən keçirlər. Şahmatda isə belə şey yoxdur...

- Şahmatda oyuna daxil olmamışdan əvvəl əksər turnirlərdə oyunçuların paltarlarını, ciblərini yoxlayırlar ki, telefon, planşet, smart saat olmasın. Balaca qulaqlığa da icazə yoxdur. Şahmatçıları yoxlayırlar ki, çiterliyin qarşısını alsınlar.

- Bəzən görmüşük ki, oyunlardan bir gün əvvəl şahmatçılar spirtli içki qəbul edirlər. Bəlkə də oyun ərəfəsində də edən var. Sizcə, bu idman prinsipinə nə dərəcə uyğundur?

- Həmin adamlar ziyanı özlərinə edirlər. Mən də spirtli içki qəbul edən şahmatçılarla rastlaşmışam. Demək olar ki, çox olub. Eləsi olur ki, yarışdan əvvəl içir.

- Kimlərin adlarını çəkə bilərsiniz?

- Ad çəkmək istəmirəm.

- Tanınmış şahmatçı idi?

- Məşhurlar da var. Şahmatda belə şeylər çox olur. Bəzən isə elə olur ki, yatıb qalırlar və ümumiyyətlə, yarışa gəlmirlər. Həmin vaxt isə texniki məğlubiyyət verilir.

- Həmin şəxsi yarışdan kənarlaşdırırlar?

- Əgər bir oyuna gəlmir, digərlərində iştirak edirsə, sadəcə, bir görüşlük məğlubiyyət verilir.

- Şahmatda belə məsuliyyətsiz hallar çoxdur. Yəqin ki, bunlara baxıb özünüz üçün nümunə götürürsünüz?

- Bəli.

"Gələn ilədək çoxlu turnirdə çıxış etsəm, milliyə düşə bilərəm"

- Pandemiya karyeranızda yüksəlişin baş verdiyi dönəmə təsadüf etdi...

- “Aeroflot Open”də qalib olduqdan sonra pandemiya səbəbindən bir ildən çox hansısa turnirdə oynamadım. Bir ildən sonra isə açığı, mənim üçün çox çətin idi. İçimdə qorxu var idi ki, artıq pis çıxış edərəm. Çünki uzun müddət beynəlxalq səviyyədə oynamadım. Belə olanda şahmatçının özünə inamı da nisbətən azalır. 10 gün əvvəl isə Monteneqrodakı turnirdə çıxış etdim. İki yarışda oynadım və reytinqimi 8 vahid artırdım. Düşündüyümdən daha yaxşı çıxış etdim. Fikiləşirdim ki, yaxşı oynaya bilməyəcəyəm. Amma pandemiya məndən o qədər də çox şey almayıb. Yarışın birində ikinci, o birisində isə üçüncü yeri tutdum.

- Onlayn turnirlər və Maqnus Karlsenin turniri üçün sizə dəvət gəlibmi?

- Xeyr.

- Artıq 16 yaşınızdasız. Sizdən iki yaş böyük olan əslən iranlı Alireza Firuzcanı yəqin ki, tanıyırsınız. Onunla qarşılaşmısınız?

- Bir dəfə üz-üzə gəlmişik. Bu, onlayn yarışa təsadüf etdi. Mən onlayn şahmata birmənalı yanaşmıram.

- Orada çiterlik daha çox olur...

- Bəli, bəzən olur. Reytinqi çox olan şahmatçıların 99 faizi çiterlik etmir. Kompüterin "siçan"ı sürüşə və səhv gediş alına bilər. Mənim başıma çox gəlib. Bəzən internet gedir, vaxtın azalır. Real şahmatdan çox fərqlidir. Onlayn şahmatda bir rəqiblə 5 dəfə qarşılaşa məğlub ola bilərsən. Həmin şəxsi real şahmatın 5 görüşündə üstələmək olar.

- Milli komandaya nə vaxt düşə bilərsiniz və Arkadi Naydiçin yığmadan gedişi sizin yolunuzu nə qədər açır?

- Bu il və gələn il çoxlu turnirdə çıxış etsəm, reytinqimi yetərincə artırsam, milliyə düşə bilərəm.

Son xəbərlər

Orphus sistemi