Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq işləri müzakirə edilib

Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq işləri müzakirə edilib Bakı. 10 iyul. REPORT.AZ/ Gənclər və İdman Nazirliyində 2019-cu ilin iyul ayında Bakıda keçiriləcək 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq işləri ilə bağlı Əlaqələndirmə Komissiyasının toplantısı keçirilib.
Fərdi
10 İyul , 2018 19:09
Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq işləri müzakirə edilib

Bakı. 10 iyul. REPORT.AZ/ Gənclər və İdman Nazirliyində 2019-cu ilin iyul ayında Bakıda keçiriləcək 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq işləri ilə bağlı Əlaqələndirmə Komissiyasının toplantısı keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, toplantıda gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, təşkilat komitəsinin üzvləri, eyni zamanda yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Vişatski, Əlaqələndirmə Komissyasının üzvü, İslandiya Milli Olimpiya Komitəsinin baş katibi Liney Rut Xalldorsdottir və Əlaqələndirmə Komissyasının üzvü, Bosniya və Hersoqovina Milli Olimpiya Komitəsinin baş katibi Said Fazlaqiç iştirak ediblər.

Toplantı zamanı 2019 Gənclər Yay Olimpiya Festivalına hazırlıqla bağlı Təşkilat Komitəsinin gördüyü işlər, idman yarışlarının cədvəli, atletlər kəndindəki durum, MOK-lar arası əlaqələrin qurulması, könüllülərin yarış proqramı və digər, mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib.

Bakıda olduqları müddətdə Avropa Olimpiya Komitəsinin rəsmiləri Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Əl oyunları Sarayı, Atletlər kəndi və bir sıra idman qurğularında da olacaqlar. 

Qeyd edək ki, Avropa Gənclər Olimpiya Festivalı 2019-cu il iyulun 20-dən 28-dək Bakıda baş tutacaq. Yarışın açılış mərasimi iyulun 21-də gerçəkləşəcək. Ümumilikdə 50 Avropa ölkəsindən 3600-dən çox idmançı və texniki nümayəndə heyəti yarışa qatılmaq üçün Azərbaycana gələcəklər. 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) keçiriləcək yarışlara ümumilikdə 2500-dən çox könüllü cəlb olunacaq. 

Avropa Gənclər Festivalınn ideyası gənclərə Olimpiya hərəkatını tanıtmaq və Olimpiya dəyərlərivə ideallarını öyrətmək məqsədilə Avropa Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roq tərəfindən 1990-cı ildə irəli sürülüb. Bu Festival 14-18 yaşlar arasında gənc Avropa atletləri üçün yüksək səviyyəli çox idman növlü tədbirdir. Birinci Festival 1991-ci ildə Belçikanın paytaxtı Brüsseldə keçirilib. Bu tədbir iki ildə bir dəfə, cüt deyil, tək illərdə qışda və yayda keçirilir. Avropa Gənclər Olimpiya Festivalı Avropa Olimpiya Komitəsinə aiddir və Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə Avropa Olimpiya Komitəsi adından təşkil olunur. Qeyd edilən Festival digər qitələrdə keçirilən Asiya Gənclər Oyunları yaxud Panama Gənclər Oyunlar kimi ənənəni həmçinin Avropada davam etdirmək imkanını yaradır. Festivala ev sahibliyi edən ölkə bütün yarışlarda əvvəlcədən kvalifikasiya raundu olmadan iştirak etmək hüququnu qazanır.

Son xəbərlər

Orphus sistemi