"Avropa çempionatına yüksək səviyyədə hazırlaşmışdıq. Əziyyətimiz öz bəhrəsini verdi".
"Report" xəbər verir ki, bunu Serbiyanın Novi Sad şəhərində keçirilən U-17 Avropa çempionatının 51 kq çəki dərəcəsində qızıl medal qazanan Muhamməd İsmayılov bildirib.
"Şəxsi məşqçim Allahverdi Vəliyev və digərlərinə təşəkkürümü bildirirəm. Onların da əməyi danılmazdır. Hər bir görüşümü rahat şəkildə keçirdim. Yarımfinaldakı rəqibim bir qədər çətinlik yaratdı. Qarşıda bizi dünya çempionatı yarışı gözləyir. Mundialda da eyni nəticəni təkrarlayacağıma inanıram", - güləşçi deyib.
Qeyd edək ki, yığmamız ikinci pillədəki Ermənistanı 36 xal qabaqlayaraq Avropa çempionu olub. Türkiyə (119) isə üçüncü yeri tutub.
Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Rövşən Hacıyevin rəhbərliyi altında Muhamməd İsmayılov (51 kq) və İsa Yusibov (65 kq) qızıl, Hüseyn İsmayılovla (60 kq) Muxamad Qantemirov (110 kq) gümüş, Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) isə bürünc medal qazanıb.