Yuxarı

Bakıda ​Atıcılıq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Yarışa 80 ölkədən 640 idmançı qatılıb

Bakı. 21 iyun. REPORT.AZ/ Bu gün Bakı Atıcılıq Mərkəzində 15 olimpiya atıcılıq növü üzrə Dünya Kubokunun (ISSF WORLD CUP 2016 ) açılış mərasimi keçirilib. 

"Report"un məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda idmanın inkişafından söz açıb. 

A.Rəhimov paytaxtda mötəbər yarışların keçirilməsinin müsbət hal olduğunu vurğulayıb: "İki gün əvvəl Formula 1 üzrə Avropa Qran Prisinə yekun vuruldu. İndi isə Atıcılıq üzrə Dünya Kubokunun növbəti mərhələsinə Bakıda start verilir. Bizim atıcılıq üzrə olimpiya çempionumuz var. Zemfira Meftahətdinova bu idman növündə uğur qazanıb. Azərbaycanda keçirilən bütün yarışlar gənclərə onların uğur qazanmasına, sağlam həyat yaşamalarına kömək edir. Bu gün Bakıda start götürən yarışda bütün idmançılara uğurlar arzu edirəm".

Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov və Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının vitse-prezidenti Vladimir Lisin Azərbaycanda idmana diqqət və qayğının olmasından danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.

Ardınca federasiyanın vitse-prezidentləri Rasim Cəfərovla Hafiz Cəfərova sertifikat və xatirə hədiyyəsi təqdim edilib.

Çıxışlardan sonra Dövlət Himni səsləndirilib və yarış rəsmi olaraq açıq elan olunub.

Xatırladaq ki, iyunun 29-dək davam edəcək Dünya Kuboku 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları ərəfəsində sonuncu yarışdır. Dünya reytinq cədvəlində xüsusi yer tutan olimpiya atıcılıq növləri üzrə turnirə 80 ölkədən 640 idmançı qatılıb. Bu, 2016-ci il ərzində Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında ən mühüm yarışlardan hesab olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi